Gəncə Memorial Kompleksində şəhidlərin xatirəsi yad olunub

Daxili siyasət
  • 17 oktyabr, 2025
  • 11:58
Gəncə Memorial Kompleksində şəhidlərin xatirəsi yad olunub

Vətən müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket hücumuna məruz qalmasının beşinci ildönümü ilə əlaqədar Gəncə Memorial Kompleksində anım mərasimi təşkil olunub.

"Report"un Qərb bürosunun məlumatına görə, mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki Baş konsulu Kaxaber Abdaladze, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü Hacı Tahir Abbasov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhərdə fəaliyyət göstərən universitetlərin rektorları və təşkilat rəhbərləri iştirak ediblər.

Qeyd olunub ki, cəbhə xəttindən 80 kilometr aralıda yerləşən Gəncə şəhəri Vətən müharibəsi dövründə müxtəlif vaxtlarda dəfələrlə raket atəşinə məruz qalıb. Bu hücumlar nəticəsində 6-sı uşaq olmaqla 26 mülki şəxs həyatını itirib, 180-ə yaxın dinc sakin isə yaralanıb.

Bu il sentyabrın 27-də açılış mərasimi olan Gəncə şəhərində xüsusi Memorial Kompleks Azərbaycanın mülki əhaliyə qarşı törədilmiş terrora cavabı, şəhidlərin əziz xatirəsinə dərin ehtiramın və gələcək nəsillərə sülhün, ədalətin əhəmiyyətini göstərən simvolik bir rəmzdir.

Daha sonra din xadimi tərəfindən Azərbaycanın suverenliyi uğrunda həlak olan bütün şəhidlərin ruhuna dualar oxunub.

Mərasimdən sonra rəsmilər Gəncə Memorial Kompleksində yaradılan şəraitlə tanış olublar.

Son xəbərlər

Bütün Xəbər Lenti