BMT: Cibuti sahillərində gəmi qəzasında 100-dən çox miqrant ölüb

Digər ölkələr
  • 11 oktyabr, 2026
  • 17:56
BMT: Cibuti sahillərində gəmi qəzasında 100-dən çox miqrant ölüb

Qırmızı dənizdə, Cibuti sahillərində miqrantları daşıyan gəmi batıb, nəticədə 109 nəfər həlak olub, daha 116 nəfər isə itkin düşmüş hesab olunur.

"Report" xəbər verir ki, bu barədə BMT sisteminə daxil olan Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) məlumat yayıb.

Təşkilatın məlumatına görə, gəminin göyərtəsində Cibutidən Yəmənə yola düşən 305 Efiopiya vətəndaşı olub.

"109 nəfər, o cümlədən 15 uşaq həlak olub. Daha 116 nəfər itkin düşmüş hesab olunur. 80-ə yaxın insan sağ qalıb", - məlumatda bildirilir.

Faciə oktyabrın 9-na keçən gecə Obok şəhərindən şimalda baş verib. Axtarış-xilasetmə işləri davam edir.

Afrika Buynuzu ölkələrindən Bab-əl-Məndəb boğazı vasitəsilə Yəmənə və oradan Səudiyyə Ərəbistanına gedən marşrut Şərqi Afrikadan qeyri-qanuni miqrasiyanın əsas yollarından biridir.

44 - Tezliklə