"Dövlətin rəqəmsal inkişaf siyasəti və QHT-lərin bu prosesə dəstəyi" mövzusunda ictimai müzakirə keçirilib
- 08 iyul, 2026
- 11:45
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Milli QHT Forumunun təşkilatçılığı ilə "Dövlətin rəqəmsalinkişaf siyasəti və QHT-lərin bu prosesə dəstəyi" mövzusunda ictimai müzakirə keçirilib.
"Report" xəbər verir ki, ictimai müzakirədə Azərbaycanın rəqəmsal inkişaf strategiyası, qarşıda duran prioritetlər və vətəndaş cəmiyyətinin bu prosesdə rolu ətrafında geniş fikir mübadiləsi aparılıb, bir sıra təkliflər səsləndirilib.
Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli bildirib ki, Azərbaycanda rəqəmsal inkişaf dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir: "Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin rəqəmsal transformasiya strategiyasının uğurla həyata keçirilməsi məqsədilə mühüm addımlar atılıb, strateji sənədlər qəbul olunub, institusional mexanizmlər formalaşdırılıb və zəruri resurslar səfərbər edilib".
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Strateji planlama və portfellərin idarə edilməsi departamentinin rəhbəri Aygün Əliyeva ölkədə rəqəmsal inkişaf strategiyası və qarşıdakı hədəflər barədə ətraflı məlumat verib.
O qeyd edib ki, məqsəd yalnız yeni texnologiyaların tətbiqi deyil, eyni zamanda ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılması və yerli "startap" ekosisteminin inkişaf etdirilməsidir: "Dövlət xidmətləri daha inteqrasiya olunmuş, təhlükəsiz və vətəndaşlarla biznes subyektlərinin ehtiyacları əsasında formalaşdırılacaq. Davamlı rəqəmsal transformasiyanın təmin edilməsi üçün rəqəmsal bacarıqların inkişafı diqqət mərkəzində saxlanılacaq, hər bir rəqəmsal təşəbbüsün əsas komponentlərindən biri kibertəhlükəsizlik və etibarlılıq olacaq. Eyni zamanda, xidmətlərin keyfiyyətinin və ictimai dəyərinin artırılması məqsədilə məlumatlardan və istifadəçi rəylərindən geniş istifadə ediləcək".
A.Əliyeva bildirib ki, vətəndaş cəmiyyəti təşkilatları rəqəmsal xidmətlərin təşviqi və elektron hökumət imkanlarının cəmiyyətə çatdırılmasında mühüm tərəfdaş ola bilərlər.
Azərbaycan İnternet Forumunun prezidenti, Multimedia Mərkəzinin direktoru Osman Gündüz bildirib ki, rəqəmsal transformasiya prosesini yalnız dövlət qurumlarının üzərinə qoymaq düzgün yanaşma deyil:
"Dünyanın heç bir yerində rəqəmsal transformasiya ilə yalnız hökumət məşğul olmur. Bu prosesdə biznes sektoru, akademik mühit, vətəndaş cəmiyyəti və qeyri-hökumət təşkilatlarının da çox böyük rolu var. Qeyri-hökumət təşkilatları qəbul olunmuş strategiyaların icrasını monitorinq edə, rəqəmsal və elektron xidmətlərin keyfiyyətini, əlçatanlığını qiymətləndirən sorğular keçirə, mövcud problemləri araşdıra və bu istiqamətdə ictimai nəzarəti gücləndirə bilərlər".
O əlavə edib ki, QHT-lər rəqəmsal savadlılığın artırılması, maarifləndirmə işlərinin aparılması və rəqəmsal transformasiya ideyasının cəmiyyətdə daha geniş yayılması istiqamətində də mühüm rol oynayırlar: "İctimai nəzarətin həyata keçirilməsi, monitorinqlərin aparılması və maarifləndirmə tədbirləri bu sahədə ciddi keyfiyyət dəyişiklikləri yarada bilər".
İctimai müzakirədə rəqəmsal inkişaf sahəsində dövlət siyasətinə ictimai dəstəyin daha da gücləndirilməsi, QHT-lərin rəqəmsaltransformasiya prosesində iştirak imkanlarının genişləndirilməsi və bu istiqamətdə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib.