Şükürbəyli kəndinə köçürülən ailələrə evlərin açarları təqdim olunub - YENİLƏNİB-2
- 10 sentyabr, 2026
- 13:16
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu gün növbəti köç karvanı ilə Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub.
"Report" xəbər verir ki, ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib.
Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.
Açarların təqdim olunması mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.
Müxbir: Sevil Seymur
Növbəti köç karvanı Cəbrayılın Şükürbəyli kəndinə çatıb.
"Report" xəbər verir ki, bu gün Şükürbəyliyə 25 ailə olmaqla, 154 nəfər köçürülüb.
Qeyd edək ki, kənd tam müasir standartlara uyğun şəkildə yenidən qurulub və sakinlərin rahat yaşayışı üçün bütün zəruri infrastruktur yaradılıb.
Müxbir: Sevil Seymur
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb.
"Report" xəbər verir ki, köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Şükürbəyli kəndinə 25 ailə - 154 nəfər köçürülüb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.