Bakıda "Müstəqil Azərbaycanın memarı" adlı beynəlxalq elmi konfrans keçirilir
- 26 aprel, 2023
- 09:03
Yeniliklərdən dərhal xəbərdar olun!
Gülüstan sarayında Bakı Dövlət Universiteti (BDU), Yeni Azərbaycan Partiyası (YAP) və Ankara Universitetinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan "Müstəqil Azərbaycanın memarı" adlı beynəlxalq elmi konfrans keçirilir.
"Report" xəbər verir ki, konfransda dövlət rəsmiləri, Milli Məclisin nümayəndələri və digər ziyalılar iştirak edib.
İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Daha sonra Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov çıxışında bildirib ki, müasir müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin zəngin milli-mənəvi dəyərlərə və çoxəsrlik dövlətçilik ənənələrinə malik xalqımıza ən böyük tarixi və mənəvi-siyasi mirasıdır: "Müdrik dövlət xadimi Heydər Əliyevin liderliyi ilə Yeni Azərbaycan Partiyası dövlətimizin maraqlarına uyğun prinsipial mövqe ortaya qoyaraq qısa zamanda xalqın böyük dəstəyini qazandı. Heydər Əliyev şəxsiyyətinə sarsılmaz inam Yeni Azərbaycan Partiyasının da yüksək nüfuz qazanmasını şərtləndirdi. Həyata keçirilən uzaqgörən və məqsədyönlü siyasət nəticəsində sabitlik və təhlükəsizlik mühitinin yaradılması, xarici dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığın qurulması və münasibətlərin bərabərhüquqlu tərəfdaşlıq prinsipi əsasında inkişaf etdirilməsi, beynəlxalq təşkilatlarda yüksək fəallığın təmin olunması və digər mühüm addımlar müstəqilliyin möhkəmləndirilməsini, Azərbaycanın regionda rolunun artmasını, qlobal siyasi arenada imkanlarının genişlənməsini təmin etdi, ölkəmiz beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaşa çevrildi".
BDU-nun rektoru Elçin Babayev deyib ki, həyatının məqsədi, başlıca amalı Azərbaycanın müstəqilliyi, doğma xalqının xoşbəxtliyi olan Ulu Öndər bütün mənalı ömrünü bu məqsədə nail olunmasına sərf edib: "Ümummilli Lider öz soy-kökünə, milli-mənəvi dəyərlərimizə söykənərək misilsiz xidmətlər göstərib, bu müqəddəs missiyanı uğurla, şərəflə, cəsarət və mərdliklə yerinə yetirib. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoyub. Müdrik xalqımız hələ ötən əsrin 70-ci illərindən başlayaraq Ulu Öndər Heydər Əliyevin Azərbaycanın taleyində yeni mərhələnin başlanğıcını qoyduğunu, Azərbaycanın müstəqilliyə gedən yolunun təməllərini formalaşdırdığını çox yaxşı dərk edir. Məhz həmin illərdən başlayaraq Azərbaycan Heydər Əliyevin inanılmaz səyləri ilə sovetlər birliyinin geridə qalmış respublikasından sənayenin inkişaf etdiyi bir ölkəyə çevrildi".
Daha sonra Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub.
Baş nazirin müavini, YAP sədrinin müavini Əli Əhmədov söyləyib ki, bu gün Ulu Öndər Heydər Əliyevin tarixi xidmətləri haqqında daha kamil ifadələri işlədə bilirik: "Çünki onun qurduğu Azərbaycan bu gün daha qüdrəti və güclü dövlət kimi beynəlxalq aləmdə öz sözünü deyə bilir. Bundan sonra da Azərbaycan dövləti beynəlxalq aləmdə güclü mövqeyini davam etdirəcək".
Elm və təhsil naziri Emin Əmrullayev isə çıxışında vurğulayıb ki, yüz illik dövrdə elm və təhsil adına əldə etdiyimiz dinamika məhz ötən əsrin 70-80-ci illərində qeydə alınıb: "Belə ki, Ulu Öndər Heydər Əliyevin 70-ci illərdə ali təhsillilərin sayının artırılmasında böyük rolu var. Məhz bu dövrdə Azərbaycanın elm və təhsil sahəsində geriyə dönüşü olmayan müsbət dinamikanın təməli qoyulub. Azərbaycan dilində tədris verən ümumi təhsil müəssisələrinin sayının artırılması və bu kimi irəliləyişlər məhz onun adı ilə bağlıdır. 1970-ci ildən başlayaraq 15 minə yaxın gəncin ölkədən kənarda təhsil almasının dəstəklənməsi məhz Heydər Əliyevin dövründə olub".
Qeyd olunub ki, konfrans 2 gün ərzində 3 bölmədə işini davam etdirəcək, 110-dan çox məruzə dinləniləcək.