Bakıda Beynəlxalq multikulturalizm məktəbinin rəsmi bağlanış mərasimi keçirilib
- 20 fevral, 2017
- 16:08
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 20 fevral. REPORT.AZ/ Prezident İlham Əliyevin tövsiyəsi ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: İslam həmrəyliyi bizə nə verir?” adlı IV Beynəlxalq multikulturalizm qış məktəbinin rəsmi bağlanış mərasimi keçirilib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, mərkəzin icraçı direktoru Azad Məmmədov beynəlxalq multikulturalizm məktəbləri layihəsinin məqsədindən danışıb. Tədris layihəsi çərçivəsində dünyanın 15 və ölkəmizin 40 qabaqcıl universitetində Azərbaycan multikulturalizmi fənnini öyrənən tələbələr üçün təşkil olunan qış və yay məktəblərinin məqsədi həmin gənclərin nəzəri olaraq öyrəndikləri multikultural və tolerant dəyərlərimizi ölkəmizdə əyani şəkildə görmələrinə şərait yaratmaqdır: "lV qış məktəbi Bakı, Şəki, Qax, Oğuz və Qəbələ rayonlarında fəaliyyət göstərib və burada Azərbaycanın ali təhsil müəssisələri ilə yanaşı, Portuqaliya, İtaliya, Almaniya, Rusiya, Çexiya, Bolqarıstan, Litva, İsrail, ABŞ, Makedoniya, Yunanıstan, Vyetnam, Gürcüstan, Qazaxıstan, Misir, Polşa, İordaniya və Rumıniyanın tanınmış universitetlərinin tələbələri iştirak edib".
Bilik Fondunun icraçı direktoru Oktay Səmədov layihənin reallaşmasında əməyi olan hər kəsə təşəkkür edib. IV Beynəlxalq multikulturalizm qış məktəbinin iştirakçısı, “Azərbaycanın Gənc Dostları Klubu ” İctimai Birliyinin həmsədri, litvalı tələbə Salomeya Lukaite artıq ikinci dəfədir bu layihədə iştirak etdiyini və buradan əxz etdiyi təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edib: “Azərbaycan mənim üçün doğma ölkədir. Dostlarıma, həmkarlarıma bu ölkənin multikultural dəyərləri, tolerantlıq ənənələri haqqında danışmaqdan yorulmuram".