Azərbaycanda müharibədən sonrakı dövrdə 441 nəfər minaya düşüb, onlardan 73-ü həlak olub
- 20 oktyabr, 2026
- 12:29
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda İkinci Qarabağ müharibəsindən sonra 441 nəfər minaya düşüb, onlardan 73-ü həlak olub.
"Report" xəbər verir ki, bunu "İşğaldan azad edilmiş ərazilərə geri qayıdan insanların mina və partlamamış hərbi sursat təhlükəsinə dair maarifləndirilməsi" adlı layihənin icrasına həsr olunan tədbirdəki çıxışında "Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin sədri Hafiz Səfixanov deyib.
O bildirib ki, həlak olan mina qurbanlarından 58-i mülki şəxsdir, aralarında qadınlar və uşaqlar da var:
"Azərbaycan mina qurbanlarının sayına görə Cənubi Qafqazda birincidir. Təəssüf ki, bu say artmaqda da davam edir. Buna görə mina təhlükəsi ilə bağlı maarifləndirmə tədbirləri davam etdirilməlidir".
Təşkilat rəhbərinin sözlərinə görə, bu məqsədlə həyata keçirilən sözügedən layihənin icrası yekunlaşmaq üzrədir:
"Layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə Qarabağ Dirçəliş Fondunun, eyni zamanda, Minatəmizləmə Agentliyinin (ANAMA) tərəfdaşlığı ilə birgə elan etdiyi qrant müsabiqəsi çərçivəsində həyata keçirilib. Layihənin əsas məqsədi işğaldan azad edilmiş Xocavənd, Cəbrayıl, Zəngilan, Laçın, Şuşa və Kəlbəcər rayonlarına daimi yaşamaq üçün geri qayıdan keçmiş məcburi köçkünlərin, bu ərazilərdə işləyən və təhsil alan şəxslərin partlayıcı sursatların təhlükəsinə dair maarifləndirilməsi, partlayış risklərinin azaldılması və təhlükəsiz davranış vərdişlərinin formalaşdırılması olub".
H.Səfixanov layihə çərçivəsində baş tutan tədbirlərdə ümumilikdə 691 nəfərin iştirak etdiyini vurğulayıb:
"Maarifləndirmə tədbirlərində Kəlbəcər, Şuşa, Cəbrayıl, Xocavənd şəhərlərində, Laçın rayonunun Bəylik, Sus, Zabux kəndlərində, Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində və Xanoba kəndində və Zəngilan rayonunun Ağalı kəndinə geri qayıtmış keçmiş məcburi köçkünlər, müəllimlər, şagirdlər, FHN və polis əməkdaşları, hotel tikintisində çalışan mühəndis və fəhlələr iştirak ediblər. Ümumilikdə azad edilmiş ərazilərdə baş tutan maarifləndirmə tədbirlərinə 691 nəfər qatılıb".