Azərbaycana gətirilən ukraynalı yeniyetmə: "Kiyevə qayıdanda təəssüratlarımı dostlarımla bölüşəcəm"
- 07 avqust, 2023
- 12:23
Yeniliklərdən dərhal xəbərdar olun!
Ukraynada müharibədən əziyyət çəkdiyi üçün Azərbaycana gətirilən bir qrup uşağın ölkəmizin gəzməli-görməli və tarixi yerləri ilə tanışlığı davam edir.
Həmin qrupda olan 15 yaşlı Anastasiya Smahliuk "Report"un Yuxarı Şirvan bürosuna açıqlamasında bu gün İsmayıllı rayonunun Basqal qəsəbəsindəki ziyarətlə bağlı təəssüratlarını bölüşüb.
O, qəsəbədə gördüklərindən, tarixi və mənzərəli yerlərdən heyrətləndiyini bildirib. İlk dəfədir Azərbaycanda olduğunu söyləyən müsahibimiz ölkəmizin onun çox xoşuna gəldiyini deyib.
Ukraynalı yeniyetmə xüsusən də Bakı şəhərində gördüklərinin çox gözəl təsir bağışladığını vurğulayıb: "Bu gün isə İsmayıllı rayonunun Basqal kəndinin ətrafında gördüyüm dağlar, meşələr və bulaqların sadəcə möhtəşəmliyi məni heyrətləndirdi. Basqal səfəri zamanı buranın tarixi abidələri, tarixi məscidləri, tarixi hamamları, eləcə də yaşı 500-dən artıq olan Pir çinar ağacı ilə tanış olduq. Səfər boyu yolda gördüyüm dağlıq, meşəlik ərazilər mənə çox xoş təsir bağışladı. Burada özümü çox yaxşı hiss edirəm".
Anastasiya Smahliuk Azərbaycanda ukraynalı uşaqlara göstərilən diqqət və qayğıdan çox razı olduğunu söyləyib. O, Kiyevə qayıtdıqdan sonra burada gördüklərini, azərbaycanlıların qonaqpərvərliyi, eləcə də bütövlükdə təəssüratlarını öz dostları ilə bölüşəcəyini bildirib.
Ukraynalı qonaq səfərin davam etdiyini və hələ qarşıda digər rayonların tarixi və turistik yerləri ziyarət edəcəklərini qeyd edib.