Baş direktor: Azərbaycan karbon bazarlarının inkişafında mühüm rol oynayıb
- 29 sentyabr, 2025
- 17:17
Azərbaycan Paris reqlamentinin başa çatmasında və karbon bazarlarının inkişafında mühüm rol oynayıb.
"Report"un məlumatına görə, bunu "GLOBE Legislators"in baş direktoru Malini Mehra Bakıda keçirilən İqlim Fəaliyyəti Həftəsində bildirib.
"Hesab edirəm ki, bu həqiqətən tarixi görüşdür və sizin parlament təcrübəniz barədə eşitdiklərim məni sevindirir. Azərbaycan kritik dərəcədə mühüm rol oynayıb. Çünki məhz COP29-da Paris sazişinin reqlamenti bağlanıb. Bu da 6.4-cü maddənin müddəalarını tamamilə aydınlaşdırmağa və karbon bazarlarının yaradılmasına dair qaydaları müəyyən etməyə imkan verib. Karbon bazarlarını isə parlamentlərin iştirakı olmadan yaratmaq mümkün deyil", - o qeyd edib.
M.Mehra, həmçinin xatırladıb ki, ötən il Bakı Dövlət Universiteti və Ekzeter Universitetinin aparıcı alimlərinin iştirakı ilə parlamentarilər üçün iqlim elmi üzrə sorğu kitabçası hazırlanıb və Azərbaycan dilinə tərcümə edilib.
"Ümid edirik ki, bu təcrübə Azərbaycan alimlərini öz ölkəsində və regionda iqlim dəyişikliyinin nəticələrini öyrənməyə ruhlandıracaq ki, onların tədqiqatlarının nəticələri dialoqun və qərarların qəbul edilməsinə təsir göstərə bilsin", - o əlavə edib.