Valeh Ələsgərov: “Ələt Azad İqtisadi Zonasının ərazisi 10 dəfə artırılacaq”

Biznes
  • 22 oktyabr, 2021
  • 10:58
Valeh Ələsgərov: “Ələt Azad İqtisadi Zonasının ərazisi 10 dəfə artırılacaq”

“Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumu burada infrastruktur və tikinti işlərini mərhələlərlə aparmağı nəzərdə tutur".

Bunu "Report"a açıqlamasında qurumun İdarə Heyətinin sədri Valeh Ələsgərov bildirib.

O qeyd edib ki, dövlətin ayırdığı, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yanında, qlobal nəqliyyat dəhlizlərinin üzərində yerləşən 850 hektar ərazinin baş planını Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumu artıq təsdiq edib: “Baş Plan əsasında Zonanın inkişafının birinci mərhələsini təşkil edən 60 hektar ərazi üzrə detallı layihələndirmə işləri tamamlanıb və bunun əsasında infrastruktur layihələrinin icrasına 2021-ci ilin aprel ayından başlanıb.

Paralel olaraq gömrük keçid məntəqəsi, Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun inzibati binası, Zonada müvafiq gömrük qurumunun yerləşdirilməsi üçün potensial investor üçün "bir pəncərə" qaydası ilə çalışan “Biznes Xidmətləri Mərkəzi”nin inzibati binasının inşasına da başlanılıb. İnşaat işləri qrafik üzrə gedir və biz birinci mərhələ çərçivəsində nəzərdə tutulan işləri 2022-ci ilin iyul ayına qədər başa çatdırmaöı və ilkin investorları qarşılamağı planlaşdırırıq.

Birinci mərhələ üzrə işlər başa çatdıqdan sonra ikinci mərhələdə - 84 hektar sahəsində inşaat işlərinə başlanılacaq, bu proses sonrakı illərdə də davam etdiriləcək. Əlavə olaraq isə dövlət Ələt Azad İqtisadi Zonasının gələcək inkişafı üçün bundan öncə söylədiyim 850 hektardan əlavə 7 000 hektardan artıq ərazi ayırıb. Qeyd edilənləri nəzərə alaraq əminliklə deyə bilərik ki, Zonada yaradılan əlverişli şərait investorların cəlbinə səbəb olacaq. İnvestorları uğurlu fəaliyyəti üçün onları zəruri olan əlverişli şəraitlə təmin etmək və gələcəkdə fəaliyyətini genişləndirmək Azərbaycan iqtisadiyyatının rəqabətə davamlılığında və dayanıqlı inkişafında mühüm rol oynayacaq”.

44 filmi