TDT rəsmisi: "Dövlət Başçıları Şurasının Qəbələdəki 12-ci Zirvə Görüşü əlamətdar hadisədir"

Biznes
  • 08 oktyabr, 2025
  • 14:02
TDT rəsmisi: Dövlət Başçıları Şurasının Qəbələdəki 12-ci Zirvə Görüşü əlamətdar hadisədir

Qəbələdə keçirilmiş Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü Türk Dövlətlərinin daha da inteqrasiyası baxımından əlamətdar hadisədir.

"Report" xəbər verir ki, bunu TDT-nin Baş Katibinin müavini Merei Mukajan Bakıda keçirilən II Azərbaycan Halal Biznes (AZHAB) Forumunun ikinci günündə keçirilən panel müzakirələrində bildirib.

Onun sözlərinə görə, sammitin əsas nəticəsi Qəbələ Bəyannaməsinin imzalanması olub: "Bu sənəd yaxın bir il ərzində təşkilata rəhbərlik edəcək Azərbaycanın sədrlik imkanını təsdiqləyir. Bundan əlavə, digər vacib sənədlər imzalanıb ki, bunlar yalnız təşkilatımızı deyil, həm də digər türk əməkdaşlıq qurumlarını əks etdirir".

M.Mukajan vurğulayıb ki, bölgəmiz İslam irsi, tarixi şəhərləri və əsrlər boyu formalaşmış qonaqpərvərlik ənənələri ilə zəngindir ki, bu da halal turizmi üzvlərimiz və müşahidəçi dövlətlər arasında təbii və güclü əməkdaşlıq sahəsinə çevirir.

Bakıda keçirilən forumun məqsədi investisiya və ticarət sahəsində yeni əməkdaşlıqların qurulmasına, fikir və təcrübə mübadiləsinə töhfə vermək, Azərbaycana xarici sərmayələrin cəlb edilməsini təşviq etməkdir. Forumda yerli və xarici ölkələrdən olan aidiyyəti qurumların nümayəndələri, sahə üzrə ekspertlər, akademik dairələr, sahibkarlar və beynəlxalq təşkilatların nümayəndələri bir araya gəlib.

"AZHAB Forumu 2025" konfrans və sərgi olmaqla iki hissədən ibarətdir. Konfrans çərçivəsində halal sənayenin ənənəvi sahələri, o cümlədən maliyyə və turizm mövzuları, halal biznesin idarəolunması, yaşıl keçid, biznesdə qadınların rolu və digər yeni istiqamətlər müzakirə edilib. Forumun ilk iclası İƏT çərçivəsində KOB-lara dəstək göstərən qurumların əməkdaşlığının gücləndirilməsinə xidmət edən "İƏT-in KOB-lar Şəbəkəsinin" (OIC-SMENET) rəsmi təsis mərasiminə həsr olunub.

Son xəbərlər

Bütün Xəbər Lenti