Şöbə müdiri: İsmayıllıda istifadəyə verilən müəssisədə 100-dən çox yerli sakin işlə təmin olunub
- 27 may, 2025
- 12:42
Yeniliklərdən dərhal xəbərdar olun!
İsmayıllı rayonunda istifadəyə verilən müəssisədə 100-dən çox yerli sakin işlə təmin edilib.
"Report"un İsmayıllıya ezam olunmuş əməkdaşının məlumatına görə, bunu Prezidentin izi ilə təşkil olunan mediatur çərçivəsində İqtisadiyyat Nazirliyinin şöbə müdiri Fariz Əhmədov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, gələcəkdə müəssisənin genişləndirilməsi və əlavə iş yerlərinin açılması nəzərdə tutulur:
“Regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət başçısının rəhbərliyi altında ardıcıl və davamlı tədbirlər həyata keçirilir. Bu tədbirlər bölgələrimizin iqtisadi potensialının reallaşdırılması, yeni investisiyaların cəlb edilməsi, məşğulluq imkanlarının artırılmasını əhatə edir.
Dünən ölkə başçısının iştirakı ilə açılışı olmuş müəssisə də regionlarımızın iqtisadi inkişafının bariz nümunəsidir. Müəssisənin fəaliyyətə başlaması bölgənin iqtisadi potensialının artırılması, əhalinin işlə təminatının yaxşılaşdırılması, eyni zamanda, yeni texnologiyaların bölgələrə transferi baxımından əhəmiyyət kəsb edir.
Müəssisə illik 165 milyon litr istehsal gücünə malikdir, müəssisənin yaradılması üçün 80 milyon manat sərf edilib. Bunun 10 milyon manatı Biznesin İnkişafı Fondu tərəfindən qarşılanıb.
Eləcə də müəssisə üçün bir sıra güzəştlər tətbiq edilib: müəssisə mənfəət vergisindən 50 faiz, torpaq, əmlak və gömrük rüsumundan azad olunub. Müəssisədə 100-dən çox yerli sakin işlə təmin olunub, gələcəkdə oranın genişləndirilməsi, əlavə iş yerlərinin açılması nəzərdə tutulur”.