Sibirdən Zəngəzura uzanan yol

Biznes
  • 15 iyul, 2023
  • 11:40
Sibirdən Zəngəzura uzanan yol

2023-cü il Azərbaycanda "Heydər Əliyev İli"dir.

Həm Azərbaycanın, həm də keçmiş SSRİ-nin tarixində böyük iz qoymuş dahi şəxsiyyət, peşəkar siyasətçi Heydər Əliyevin bu il mayın 10-da anadan olmasının 100-cü ildönümü olub.

Bu münasibətlə ilin əvvəlindən bəri müxtəlif dövlət, özəl və ictimai qurumların tədbirlərində, sərgilərində iştirak etdikcə Ulu Öndərin qısa müddətdə ölkədə və SSRİ-də demək olar ki, bütün sahələrin inkişafı üçün mühüm və fundamental işlər gördüyünün şahidi oluruq.

Əslində onun bütün sahələrin inkişafında verdiyi töhfələrdən uzun-uzadı danışmaq olar. Yaxın keçmişimizə fikir versək görərik ki, miqyasına görə onun ən əhəmiyyətli və tarixdə iz buraxan işlərindən biri də Baykal-Amur Magistralının (BAM) çəkilişi ilə bağlıdır. Təxminən 50 il bundan öncə çəkilmiş magistral üçün dünyanın ən mürəkkəb tuneli hesab edilən Severomuyski tuneli tikilib. Təbii ki, bu uğurun arxasında da Ümummilli Liderin imzası dayanır.

Ulu Öndərin bu layihənin reallaşmasına verdiyi siyasi dəstəyi bu gün də Şimal qonşumuzun rəhbərliyi minnətdarlıqla qarşılayır. 2021-ci il noyabrın 29-da Rusiya Prezidenti Vladimir Putin “BTS-MOST” SC-nin Direktorlar Şurasının sədri Ruslan Baysarovla görüşüb. Görüşdə diqqət çəkən əsas məqamlardan biri BAM-ın tikintisi zamanı mürəkkəb geoloji şəraitdə yol və tunellərin tikintisinə Heydər Əliyevin verdiyi dəstəyin xatırlanmasıdır. O, həmin dövrdə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti Sədrinin I müavini olub, adıçəkilən tunelin tikintisinə birbaşa özü nəzarət edib.

Rusiya Prezidenti ilə görüşündə R.Baysarov dəfələrlə layihənin uğurla icra edilməsində H.Əliyevin xüsusi rolunun olduğunu qeyd edib: ”Vladimir Vladimiroviç, Sizin diqqətinizi bir məqama cəlb etmək istəyirəm: on tunelin hamısını, o cümlədən ən mürəkkəb sayılan Severomuyski tunelini “Bamtonnelstroy”un işçiləri tikib. Əvvəlcə 8 tunelin olması planlaşdırılmışdı, sonra hökumətin qərarı ilə daha 2 tunel əlavə edildi. Xarici mütəxəssislər bu tuneli tikməkdən imtina edir və bizim də imtina etməyimizi təklif edirdilər. 1984-cü ildə H.Əliyev tunel inşaatçılarını dəstəkləmək üçün tikintiyə gəlmişdi. Tunelin tikintisi başa çatdırıldı və o, indiyə qədər dünyada ən mürəkkəb tuneldir, çox maraqlı obyektdir”.

Ümumi uzunluğu 45 km olan tunellərin, xüsusən də Severomuyski tunelinin yerləşdiyi ərazidə qruntun səviyyəsi və geoloji şərtlərin əlverişsiz olması işləri çox çətinləşdirib. Bütün bunlara baxmayaraq Ümummilli Liderin rəhbərliyi ilə əzmlə çalışan inşaatçılar öz istəklərinə nail ola biliblər. Bu yaxınlarda Moskvada Azərbaycan xalqının Ulu Öndərinin 100 illik yubileyinə və onun Baykal-Amur Magistralının tikintisinə verdiyi töhfələrə həsr olunmuş sərginin açılışında çıxış edən Rusiya Prezidentinin köməkçisi İqor Levitin də etiraf edib ki, layihə məhz H.Əliyevin inadkarlığı sayəsində reallaşıb: "BAM-ın ərsəyə gəlməsi Sakit okean regionu və Avropa ölkələri arasında ən qısa marşrut olmaqla Sibirin və Uzaq Şərqin təbii ehtiyatlarından səmərəli istifadə edilməsinə əlverişli şərait yaratdı. H.Əliyevin BAM üzrə kurator işlədiyi dövrdə tikinti işləri xeyli intensivləşib, qarşıya qoyulan məqsədlərə tam nail olunub”.

H.Əliyevin əməyini unutmayan Rusiya hökuməti 2008-ci il iyulun 18-də BAM-ın Anqoya stansiyasında istifadəyə verilmiş vağzala Ümummilli Liderin adını verdi.

H.Əliyevin birbaşa nəzarət etdiyi BAM-ın tikintisi öz çətinliyi və ziddiyyətləri ilə seçilirdi. Miqyasına görə dünyada analoqu olmayan layihə böyük olduğu qədər də çoxsaylı problemlərə malik idi. H.Əliyevin Azərbaycana rəhbərlik etdiyi dönəmdə tikintisi vüsət götürən magistralın 210-cu kilometrliyində azərbaycanlılar Ulkan stansiyası inşa etdi və onun ətrafında Ulkan qəsəbəsi salındı.

Hazırda Rusiya Ticarət və Sənaye Palatasının Tikinti Sənayesində Sahibkarlıq Komitəsinin sədri, Dünya Ticarət Mərkəzinin Direktorlar Şurasının üzvü Efim Basin BAM-ın Rusiya və ümumilikdə SSRİ-i üçün əhəmiyyətini sadalayır: “İlk dəfə Baykal-Amur magistralının yaradılması barədə hələ çar Rusiyasında düşünülmüşdü. Lakin sənayenin o vaxtkı inkişaf səviyyəsi bu əlçatmaz ərazidə iş aparmağa imkan vermədi. İdeya təxirə salındı. Amma sonradan, yəni 80-ci illərdə ideya yenidən gündəmə gəldi. İnşaatçılar yollar, keçidlər olmayan ərazilərdən dəmiryolu xətti çəkməli, daim buzlu olan yerlərdə tunel və keçidlər inşa etməli idi. Bu isə çətin və məsuliyyətli iş idi. Həmin dövrdə tikinti işlərinə H.Əliyev rəhbərlik edirdi".

"Körpülər tikilərkən giriş yollarının olmaması çətinlik yaradırdı. İnşaatçılar birbaşa dəmir yolu relslərindən dayaqlar və aralıqlar qoymağı öyrəndilər. Bu unikal texnologiyanın müəllifləri SSRİ Dövlət Mükafatı aldılar. Məsələn, Kodar tuneli Çita bölgəsinin ərazisində - əbədi buzlu ərazidə yerləşirdi. 1984-cü ildə H.Əliyev ora gəlmişdi. Ona işin qrafikdən geri qalması ilə bağlı məlumat verildi və o, tikintiyə məsul şəxslərdən vəziyyətlə şəxsən tanış olmağı xahiş etdi. İki nazir və “Qlavtonnelmetrostroy”un rəhbəri Yuri Koşelev obyektə gəldi. Tunele baxış keçirildi. Daha sonra H. Əliyev magistral yola baxış üçün əraziyə işgüzar səfər etdi.
Məndən ölkə rəhbərlərindən birinin təhlükəsizliyinə cavabdeh olmağımla bağlı imzamı aldılar.

Havalandırma sistemində problem var idi. Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları bildirdilər ki, onlar Siyasi Büro üzvünün tikintisi başa çatmamış tuneldən keçməsinə icazə verə bilməyəcəklər. Bu, o demək idi ki, tunelin əvvəlində düşmək, maşınlara minmək, sonra yenidən vaqonlarla yola davam etmək lazım idi.
Qatar tunelə yaxınlaşanda Heydər Əliyevə düşmək təklif olundu. O isə tuneldən keçdi və dedi : "Normaldır, yaxşı havalandırılıb. Düz sür!".

Tanınmış alim, tarix elmləri namizədi Vasili Novikov da H.Əliyevin BAM-ın tikintisində xüsusi rolunu minnətdarlıqla xatırlayır və onun daim ərazidə çalışanlarla sıx təmaslar qurduğunu qeyd edir: “O, tez-tez obyektlərə baş çəkərdi, işçiləri şəxsən özü qəbul edib problemlərini dinləyərdi. Əməkdaşlarla münasibət o qədər isti idi ki, hər kəs sakitcə yaxınlaşıb problemini izah edə bilərdi. O isə dərhal onun həlli istiqamətində addımlar atardı”.

H. Əliyevin BAM-ın tikintisi kimi məsuliyyətli bir yükün altına girməsini minnətdarlıq hissi ilə xatırladan Rusiya Prezidentinin köməkçisi İqor Levitin isə qeyd edir ki, SSRİ vaxtı bu layihənin icrasına heç də rəhbər şəxslərin hamısı razı olmayıb: “H.Əliyev, bu tikinti sahəsinə sonsuz bağlı olan bir insandır. Ölkə rəhbərliyində heç də hamı BAM-ın tikintisinə başlamaq istəmədi, lakin o, bu yükü öz üzərinə götürdü və işini ləyaqətlə icra etdi. H.Əliyevin layihənin ərsəyə gəlməsində göstərdiyi misilsiz xidmətlərlə bağlı yüzlərlə fakt və açıqlama mövcuddur. BAM-ın tarixi əhəmiyyəti ilə yanaşı iqtisadi əhəmiyyəti də var. Pandemiyadan öncə yəni 2019-cu ildə BAM vasitəsilə daşınan yüklərin həcmi 18,4 milyon tondan, sərnişinlərin isə sayı 12 milyon nəfərdən çox olub".

Bu gün regional haba çevrilməkdə olan Azərbaycanda da belə mühüm nəqliyyat layihələri reallaşdırılır. 44 günlük Vətən Müharibəsindən sonra Azərbaycan regionun siyasi və iqtisadi xəritəsində ciddi dəyişiklik edib. Məhz müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilən qələbə “Zəngəzur dəhlizi” ideyasını gün işığına çıxarıb. Dünya iqtisadi xəritəsində əhəmiyyətli yer tutan Azərbaycan bu dəhlizi reallaşdırmaqla Avropa ilə Asiya arasında ən qısa və təhlükəsiz ticarət dövriyyəsinə şərait yaradacaq.

Ekspertlər Zəngəzur dəhlizinin 3 əsas - lokal, regional və interkontinental aspektdən əhəmiyyətli olduğunu açıqlayırlar. Bu dəhliz Azərbaycan, Ermənistan və Türkiyəyə birbaşa dividendlər gətirməklə yanaşı region ölkələrinin, həmçinin Avropa və Asiyanın iqtisadi maraqlarına xidmət edəcək. Dəhliz çərçivəsində təkcə dəmir yolu vasitəsilə daşınacaq yüklərin illik həcmi 10 milyon tondan çox olacaq. Gələcəkdə isə bu həcm tələbatdan asılı olaraq 2 dəfəyə qədər artacaq. Bu isə BAM vasitəsilə daşınan yüklərin həcmi ilə müqayisə edilə bilər.

H.Əliyev təxminən 50 il bundan əvvəl BAM-ın gələcək üçün əhəmiyyətli olacağını uzaqgörənliklə dərk edərək, bu çətin və məsuliyyətli layihənin öhdəsindən uğurla gəldi. Onun layiqli davamçısı İ.Əliyev də Zəngəzur dəhlizinin ölkəmizin siyasi və iqtisadi suverenliyi üçün əhəmiyyətini nəzərə alaraq bu tarixi layihəyə imzasını atdı.

44 - Tezliklə