Səməd Bəşirli: "Almaniyalı istehsalçılar Mərkəzi Asiya xammalını Azərbaycanda emal edə bilər"
- 06 oktyabr, 2026
- 10:16
Yeniliklərdən dərhal xəbərdar olun!
Almaniyalı istehsalçılar Mərkəzi Asiya xammalını Azərbaycanda emal edə bilər.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Bakıda keçirilən "Orta Dəhliz boyunca infrastruktur, nəqliyyat, logistika, "yaşıl enerji" və rəqəmsallaşma üçün maliyyənin səfərbər edilməsi" mövzusunda Almaniya-Azərbaycan Əlaqəlilik Konfransında bildirib.
Onun sözlərinə görə, Orta Dəhliz üzərində, Bakı Beynəlxalq Dəniz Limanının yanında yerləşən Ələt Azad İqtisadi Zonası xüsusi hüquqi və tənzimləmə rejimi, habelə yüksək əlavə dəyər yaradan və ixrac bazarlarını hədəfləyən investisiyalar üçün ayrılmış platforma təqdim edir: "Almaniya şirkətlərinə təklifimiz sadədir: Azərbaycanda məskunlaşın, lakin daha geniş region üçün işinizi qurun. Almaniyalı istehsalçılar üçün bu, Mərkəzi Asiyadan olan xammalı Azərbaycanda emal edərək Türkiyə və Avropadakı müştərilərə tədarük etmək imkanları yaradır".
Nazir müavini qeyd edib ki, logistika obyektləri, terminallar və rəqəmsal xidmətlər də marşrut boyunca özəl investisiyalar üçün imkanlar təqdim edir: "Qazaxıstan və Özbəkistanla birlikdə inkişaf etdirilən yaşıl enerji dəhlizi və planlaşdırılan Xəzər–Qara Dəniz–Avropa dəhlizi bu əməkdaşlığı bərpa olunan elektrik enerjisinə qədər genişləndirir. Onlar Almaniya şirkətləri üçün enerji istehsalı, ötürücü infrastruktur və enerji tutumlu sənaye sahələrində imkanlar yaradır".