Dünya çempionatı: Azərbaycanın 4 güləşçisi yarışın son günündə xalça üzərinə çıxacaq
- 01 noyabr, 2026
- 10:28
Yeniliklərdən dərhal xəbərdar olun!
Qazaxıstanın paytaxtı Astanada keçirilən güləş üzrə dünya çempionatına bun gün yekun vurulacaq.
"Report" xəbər verir ki, yarışın son günündə Azərbaycanın sərbəst güləş millisinin dörd üzvü bürünc medal uğrunda yarışacaqlar.
Cəbrayıl Hacıyev (79 kq) və İslam Bazarqanov (57 kq) yarımfinal məğlubiyyətindən sonra, Ali Tsokayev (92 kq) və Turan Bayramov (74 kq) isə rəqiblərinin finala yüksəlməsi sayəsində təsəlliverici görüşlərə qatılacaqlar.
C.Hacıyev və İ.Bazarqanovun bürünc medal görüşündəki rəqibləri təsəlliverici qarşılaşmaların nəticəsinə əsasən müəyyənləşəcək.
A.Tsokayev təsəlliverici görüşdə Nauru təmsilçisi Ceys Uera ilə qarşılaşacaq. Qalib gələrsə, bürünc medal uğrunda iranlı Amirhüseyn Firuzpurbandpeylə qarşılaşacaq.
T.Bayramov isə ilk təsəlliverici görüşdə kosovalı Ekzon Coni ilə qarşılaşacaq. Qələbə qazanacağı təqdirdə növbəti görüşdə tacikistanlı Viktor Rassadinlə güləşəcək. Bu qarşılaşmanın qalibi bürünc medal uğrunda yaponiyalı Yoşinosuke Aoyaqi ilə üz-üzə gələcək.
Xatırladaq ki, yunan-Roma güləşçilərimizdən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl, Nihat Məmmədli (63 kq) isə gümüş medal qazanıb. Sərbəst güləşçilərdən isə Arseniy Djioyev (86 kq) gümüş, Giorgi Meşvildişvili (125 kq) isə bürünc mükafata sahib çıxıb.