Qazaxıstan və Tacikistan ticarət sahəsində əməkdaşlığı müzakirə edib

Biznes
  • 07 noyabr, 2026
  • 13:23
Qazaxıstan və Tacikistan ticarət sahəsində əməkdaşlığı müzakirə edib

Qazaxıstan və Tacikistan ticarət, o cümlədən nəqliyyat və logistika, energetika sahələrində əməkdaşlığın genişləndirilməsini müzakirə edib.

"Report" Akordaya istinadən xəbər verir ki, bununla bağlı müzakirələr Astanada Tacikistan Prezidenti Emoməli Rahmon ilə Qazaxıstan dövlət başçısı Kasım-Jomart Tokayev arasında görüşdə aparılıb.

E.Rahmon bildirib ki, bu ilin yanvar-sentyabr aylarında iki ölkə arasında ticarət dövriyyəsinin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 26 % artaraq 1 milyard ABŞ dollarını ötüb.

Onun sözlərinə görə, Tacikistanda Qazaxıstan kapitalı olan 130-dan çox müəssisə qeydiyyata alınıb, Qazaxıstanda isə Tacikistan tərəfinin iştirakı ilə 580-dən çox müəssisə fəaliyyət göstərir: "Bu gün bizim ümumi vəzifəmiz strateji tərəfdaşlığı və müttəfiqlik münasibətlərini yeni praktiki nəticələrlə zənginləşdirməkdir".

K.Tokayev isə qeyd edib ki, Qazaxıstan Tacikistanın TOP-3 ticarət tərəfdaşı sırasına daxildir. Qazaxıstan lideri əlavə edib ki, ölkələr qarşılıqlı tədarüklərin nomenklaturasını genişləndirir, dəmir yolu ilə yük daşımaları artır və işgüzar əlaqələr fəallaşır.

Bundan başqa, prezidentlər iki ölkə arasında sənaye, rəqəmsallaşma və su resursları sahələrində əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.