Orxan Məmmədov: KOB-lar qlobal dəyər zəncirlərinə inteqrasiyada çətinliklərlə üzləşir"
- 18 iyun, 2026
- 15:43
Yeniliklərdən dərhal xəbərdar olun!
Kiçik və orta bizneslər (KOB) qlobal dəyər zəncirlərinə inteqrasiyada çətinliklərlə üzləşir.
"Report" xəbər verir ki, bunu Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.
Onun sözlərinə görə, mikro, kiçik və orta sahibkarlıq subyektləri bütün ölkələrimizdə iqtisadi inkişafın təməl sütununu təşkil edir: "Onlar iş yerlərinin yaradılmasında, innovasiyaların təşviqində və ümumi iqtisadi artıma mühüm töhfə verməkdə həlledici rol oynayırlar. Bununla belə, bir çox KOB-lar hələ də regional və qlobal bazarlara çıxışda, eləcə də daha böyük dəyər və təchizat zəncirlərinin bir hissəsinə çevrilməkdə ciddi çətinliklərlə üzləşirlər".
O qeyd edib ki, əsas problem çox vaxt onların məhsul və ya xidmət keyfiyyəti ilə bağlı olmur, yaxud biznes potensialının zəifliyi ilə izah edilmir: "Daha çox hallarda KOB-lar müasir tədarük zəncirlərinin getdikcə artan sürət, etibarlılıq, şəffaflıq və uyğunluq tələblərinə cavab verməkdə çətinlik çəkirlər. Eyni zamanda, bir çox müəssisə maliyyəyə məhdud çıxış, yüksək logistika xərcləri, mürəkkəb prosedurlar və səmərəsiz sənədləşmə prosesləri ilə qarşılaşır. Bu çətinliklər mikro, kiçik və orta sahibkarlıq subyektlərinin sifarişləri vaxtında və effektiv şəkildə icra etməsini, bizneslərini genişləndirməsini və iri şirkətlərlə dayanıqlı, uzunmüddətli tərəfdaşlıqlar qurmasını əhəmiyyətli dərəcədə məhdudlaşdırır".
O. Məmmədov bildirib ki, bu problemlərin həllində bütün maraqlı tərəflərin üzərinə mühüm vəzifələr düşür: "Hökumətlər biznes və ticarət mühitini daha da yaxşılaşdırmağa davam etməlidirlər. Maliyyə institutları KOB-ların ehtiyaclarına daha uyğun və əlçatan həllər təqdim etməlidir. Texnologiya isə proseslərin sadələşdirilməsi və səmərəliliyin artırılması baxımından əsas vasitələrdən biri kimi çıxış edə bilər. İnkişaf tərəfdaşları və biznesə dəstək təşkilatları isə müəssisələrin potensialını gücləndirməyə və yeni bazarlara çıxışını asanlaşdırmağa kömək etməlidirlər".