Matteo Zoppas: "Azərbaycanın İtaliyadan idxalını 560 milyon avroya çatdırmaq mümkündür"

Biznes
  • 23 noyabr, 2026
  • 12:22
Matteo Zoppas: Azərbaycanın İtaliyadan idxalını 560 milyon avroya çatdırmaq mümkündür

Azərbaycanın İtaliyadan idxalını 560 milyon avroya çatdırmaq mümkündür.

"Report" xəbər verir ki, bunu İtaliyanın "ITA Agency"nin prezidenti Matteo Zoppas bu gün Bakıda keçirilən Azərbaycan-İtaliya biznes forumunda deyib.

Onun sözlərinə görə, İtaliyadan Azərbaycana ixrac təxminən 440 milyon avro təşkil edir: "Bu göstərici ilə Almaniyadan sonra ikinci yerdəyik. Almaniyanın ixrac həcmi isə təxminən 560 milyon avrodur. İnanıram ki, Almaniyanın göstəricisinə çatmaq tamamilə mümkündür. Xüsusilə, iki ölkə arasında ikitərəfli əlaqələrin, ticarət mübadiləsinin başlanmasına, davam etdirilməsinə və genişlənməsinə təkan verən bütün səyləri buna real zəmin yaradır. Bu səylər ixracatın əhəmiyyətli dərəcədə artmasına töhfə verir".

M. Zoppas bildirib ki, 2025-ci ildə Azərbaycana təxminən 20 işgüzar səfər təşkil olunub: "2026-cı ildə isə bu göstərici demək olar iki dəfə artıb. İtaliyaya 100-dək iştirakçı, o cümlədən alıcılar, idxalçılar və yerli distribütorlar aparmışıq. Məhz onlar real dəyişiklik yarada biləcək şəxslərdir. Hər şeydən əvvəl isə bu şəxslər "Made in Italy" brendinin daha da tanıdılması və genişləndirilməsi üçün əməkdaşlıq edə biləcəyimiz tərəfdaşlardır".