Mask "Tesla"dan gedə bilər

Biznes
  • 28 oktyabr, 2025
  • 05:41
Mask Tesladan gedə bilər

"Tesla" avtomobil istehsalçısının Direktorlar Şurasının sədri Robin Denholm səhmdarları xəbərdar edib ki, baş direktor Elon Mask üçün təxminən 1 trilyon dollar dəyərində kompensasiya paketinin lehinə səs verməlidirlər, əks halda, Mask şirkətdən ayrıla bilər.

"Report"un "CNBC News" telekanalına istinadən məlumatına görə, Denholm bu barədə 6 noyabrda keçiriləcək illik yığıncaq ərəfəsində səhmdarlara ünvanladığı məktubda yazıb.

"İlonsuz "Tesla" əhəmiyyətli dəyər itirə bilər, çünki şirkətimiz artıq sadəcə avtomobil istehsalçısı kimi deyil, gələcəyə yönəlmiş bir texnologiya lideri kimi qiymətləndirilir", - Denholm bildirib. O vurğulayıb ki, Mask şirkətin gələcəyi üçün əsas fiqurdur, çünki "Tesla" tam avtopilot və "Optimus" robotları kimi sahələrə daha çox diqqət yetirərək ənənəvi avtomobil şirkəti çərçivəsindən çıxır.

Kompensasiya paketinin 5 noyabra qədər səhmdarlar tərəfindən təsdiqlənməsi tələb olunur, lakin bu təklif ciddi müqavimətlə qarşılaşıb. Dünyanın ən böyük etibarnamə konsaltinq şirkəti "Institutional Shareholder Services" bu "astronomik" məbləğə görə təklifin əleyhinə səs verməyi tövsiyə edib. Həmçinin bir sıra həmkarlar ittifaqları və korporativ nəzarət qrupları Maskın siyasi aktivliyinin brendə zərər verdiyini əsas gətirərək paketin əleyhinə kampaniya başladıb.

Denholm isə iddia edir ki, məsələ kompensasiyadan daha çox səsverməyə təsir imkanları ilə bağlıdır. Onun sözlərinə görə, Mask süni intellektlə bağlı "pis şeylərin baş verməməsi" üçün kifayət qədər təsir gücünə malik olmaq istəyir və "robot ordusu"na nəzarət məsələsində narahatlığını dilə gətirir. Tam paket Maskın şirkətdəki payını təxminən 25%-ə qədər artırmağa imkan verəcək ki, bu da onun son bir ildə açıq şəkildə tələb etdiyi hədəfdir.

Son xəbərlər

Bütün Xəbər Lenti