KPMG: Azərbaycan beynəlxalq biznesin əsas regional platformasına çevrilə bilər

Biznes
  • 26 sentyabr, 2026
  • 11:46
KPMG: Azərbaycan beynəlxalq biznesin əsas regional platformasına çevrilə bilər

Azərbaycan tənzimləyici və qanunvericilik bazasının daha da təkmilləşdirilməsi şərti ilə beynəlxalq biznesin əsas regional platformasına çevrilmək üçün yüksək şanslara malikdir.

"Report" xəbər verir ki, bu barədə KPMG-nin Azərbaycandakı idarəedici tərəfdaşı, KPMG-nin Qafqaz və Mərkəzi Asiya regionunda infrastruktur konsaltinqi təcrübəsinin rəhbəri və tərəfdaşı Vitali Yakovlev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF 2026) bildirib.

"Əsas məsələ Azərbaycana investisiyaları necə cəlb etməkdə deyil, ölkəni regional biznes üçün necə platformaya çevirməkdə və bunun üçün nəyin lazım olduğundadır", - o qeyd edib.

Onun qiymətləndirməsinə görə, respublika bu potensialı reallaşdırmaq üçün üç əsas üstünlüyə malikdir: keyfiyyətli insan kapitalı, inkişaf etməkdə olan biznes infrastrukturu və strateji nəqliyyat əlaqəliliyi.

"Birincisi, bu, kadrlara çıxışdır. Ölkədə təhsilin keyfiyyəti və peşəkarlıq səviyyəsi artır. Buna, o cümlədən müasir standartları inkişaf etdirən beynəlxalq şirkətlərin fəaliyyəti də töhfə verir. İkincisi, Azərbaycanın biznes infrastrukturu beynəlxalq maliyyə hesabatlılığı standartlarını və komplayens prinsiplərini fəal şəkildə uyğunlaşdırır", - ekspert qeyd edib.

KPMG nümayəndəsinin fikrincə, üçüncü amil kimi infrastruktur və logistika əlaqəliliyi çıxış edir: "Azərbaycan nəqliyyat dəhlizləri - o cümlədən Orta Dəhliz, Naxçıvandan keçən marşrut və enerji arteriyaları baxımından əlverişli mövqedə yerləşir. Bundan əlavə, Bakı beynəlxalq hava limanı Asiya və Avropa arasında tranzit üçün strateji mövqe tutur ki, bu da yüksək dəyərli yüklərin operativ çatdırılması üçün kritik əhəmiyyətə malikdir".