KOBİA sədri birbaşa xarici investisiyaların cəlbi üçün əsas faktorları açıqlayıb
- 17 noyabr, 2022
- 07:53
Yeniliklərdən dərhal xəbərdar olun!
“Azərbaycanda siyasi-iqtisadi sabitliyin mövcudluğu, ölkəmizin əlverişli coğrafi mövqeyi, böyük tranzit potensialı, yenilənmiş infrastrukturu, zəngin enerji resursları, habelə Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən regional layihələr birbaşa xarici investisiyaların cəlbi üçün əsas faktorlardır”.
"Report" xəbər verir ki, bunu Bakıda İslam Əməkdaşlığı Gənclər Forumunun (ICYF), İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə keçirilən Azərbaycan İnvestisiya və Gənc Sahibkarlar Forumunda KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.
“Qarabağın işğaldan azad edilməsi ilə yeni ehtiyatların və sərvətlərin iqtisadi dövriyyə cəlb edilməsi, eləcə də beynəlxalq əhəmiyyətli daha effektiv kommunikasiya xətlərinin yaradılması imkanları ölkəmizin investisiya potensialını daha da artır. Bu bölgənin özünəməxsus təbii müqayisəli üstünlükləri ilə yanaşı, Azərbaycan hökumətinin təqdim edəcəyi imtiyaz, güzəşt və dəstək alətləri Qarabağ regionunu bizneslər üçün daha cəlbedici edəcək. Qarabağda biznes qurmaq üçün daxil olan müraciətlərin intensivliyi, əhatə dairəsi və təkliflərinin çeşidi artıq indidən bunu deməyə əsas verir”.