Bakıda “İctimaiyyətlə əlaqələrin əsasları” dərs vəsaitinin təqdimatı keçirilib
- 15 iyul, 2025
- 18:00
Yeniliklərdən dərhal xəbərdar olun!
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Bakı Dövlət Universiteti (BDU) ilə birgə Azərbaycan milli mətbuatının 150 illik yubileyi çərçivəsində hazırladığı “İctimaiyyətlə əlaqələrin əsasları” adlı dərs vəsaitinin təqdimatı keçirilib.
"Report" bu barədə İİTKM-ya istinadən xəbər verir.
Məlumata görə, mərasimdə Mərkəzin icraçı direktoru Vüsal Qasımlı, BDU-nun rektoru Elçin Babayev, Milli Məclisin deputatları Vüqar Rəhimzadə (Bakı Slavyan Universitetinin Jurnalistika kafedrasının müdiri) və Hikmət Məmmədov, BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu, Multimedia və elektron kommunikasiya kafedrasının müdiri Qulu Məhərrəmli, Azərbaycan banklarından birinin Marketinq departamentinin direktor müavini, kitabın redaktoru Yedgar Cəfərov çıxış edərək kitabda əhatə olunan mövzuların əhəmiyyətini vurğulayıblar.
Bildirilib ki, “İctimaiyyətlə əlaqələrin əsasları” dərs vəsaiti bu sahənin nəzəri və praktiki əsaslarını əhatə edən fundamental bir əsərdir. Kitabda ictimaiyyətlə əlaqələrin tarixi inkişafı, nəzəriyyələri və əsas prinsipləri geniş təqdim olunur. Müəlliflər dövlət və özəl sektorda auditoriyalarla münasibətlərin tənzimlənməsi üzrə strategiyaları, plan və proqramları, eləcə də böhran vəziyyətlərinin idarə olunması kimi aktual mövzuları əhatə ediblər. Mətbuatla əməkdaşlıq, sosial media ilə iş, bu sahədə yaranan yeni təmayüllər, o cümlədən rəqəmsal texnologiyalar və süni intellektin tətbiqinə də kitabda geniş yer verilib. Bu vəsait ali məktəblərdə jurnalistika, kommunikasiya və idarəetmə ixtisasları üzrə təhsil alan tələbələr, həmçinin piar sahəsində çalışan mütəxəssislər üçün nəzərdə tutulub.
V.Qasımlının elmi redaktorluğu ilə ərsəyə gəlmiş dərs vəsaitinin müəllifləri Vüqar Zifəroğlu, Aynur Nəsirova, Xatirə Hüseynova, Pərvanə İbrahimova, Vəfa İsgəndərova, Afət Yaqubova, Vəli Əlibəyov, Yedgar Cəfərov, Zənurə Talıbova (İİTKM-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri) və Natiq Pənahlıdır. Layihənin koordinatoru Z.Talıbovadır.
“İctimaiyyətlə əlaqələrin əsasları” adlı dərs vəsaitinin rəyçiləri isə BDU-nun Milli mətbuat tarixi kafedrasının müdiri Cahangir Məmmədli, eləcə də Q.Məhərrəmli, V.Rəhimzadə, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Biznes Məktəbinin direktor müavini Vüsal Kərimlidir.
Tədbirdə dövlət və özəl qurumların ictimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşları, media nümayəndələri, piar mütəxəssisləri, BDU-nun pedaqoji heyəti və tələbələr iştirak ediblər.
Təqdimat mərasimindən sonra İİTKM və BDU arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Kitabın elektron versiyası ilə tanış olmaq üçün: https://ereforms.gov.az/files/publications/pdf/az/06b5c462f1e4a799ec1680d723435271.pdf