Fərhad Aşurbəyli: "Qarabağ Kuboku üzrə Milli Mətbəx Çempionatına gələcəkdə digər ölkələr də qoşula biləcək"
- 14 oktyabr, 2025
- 12:02

"Rebuild Karabakh-2025" çərçivəsində keçirilən Qarabağ Kuboku üzrə Milli Mətbəx Çempionatının əsas məqsədi gənclər və geniş ictimaiyyət arasında Qarabağ mətbəxinin təbliğidir.
Bunu "Report"a Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyasının icraçı direktoru və layihə rəhbəri Fərhad Aşurbəyli deyib.
"Gənc kadrlar regional və milli mətbəxi öyrənməlidirlər. Bu məqsədlə ustad dərsləri, müsabiqələr keçirilir ki, onlar öyrəndiklərini gələcək həyatlarında tətbiq etsinlər. Bu gün 120-dən artıq gənc müsabiqədə iştirak edir, əsas yaş qrupu 19-25-dir. Münsiflər heyətimiz isə tanınmış aşpazlardan, restoran rəhbərlərindən və 30-40 illik təcrübəyə malik mütəxəssislərdən ibarətdir", - deyə F. Aşurbəliyli bildirib.
O qeyd edib ki, çempionatda Özbəkistan və Türkiyədən də fəxri qonaqlar iştirak edir:
"Onlar öz mətbəxlərini təqdim edəcək, ustad dərsləri keçirəcək və münsif kimi fəaliyyət göstərəcəklər".
Assosiasiya rəhbərinin sözlərinə görə, Qarabağ Kuboku "Qızıl Şah" beynəlxalq kulinariya çempionatının ayrılmaz hissəsidir:
"Qızıl Şah artıq 5 dəfə keçirilib və beynəlxalq status qazanaraq Dünya Kulinariya Cəmiyyətləri Assosiasiyası tərəfindən lisenziyalaşdırılıb. Qarabağ Kuboku isə ancaq milli mətbəx üzrə çempionat kimi təşkil olunur. Gələcəkdə Rusiyadan, Gürcüstandan, İrandan və Türkiyədən də ustaların yarışlarda iştirakını nəzərdə tuturuq", – deyə o əlavə edib.
F.Aşurbəyli bildirib ki, layihə 2019-cu ildən həyata keçirilir və əsas donoru Azərbaycan Milli Kulinariya Mərkəzidir:
"Biz həm dövlət qurumlarına, həm də sponsorlara müraciət edirik. Milli Kulinariya Mərkəzi bizə dəstək göstərir, həmçinin fərdi sponsorlar da məhsullarını təqdim etməklə maddi və mənəvi yardım edirlər. "Caspian Event Organizer" şirkəti də bizə həmişə dəstək olur, sərgilərdə yer ayırır", - deyə o vurğulayıb.
Assosiasiya rəhbəri əlavə edib ki, layihənin dəyəri yüksəkdir və bunun bir hissəsi xarici qonaqların dəvətinə, məhsulların alınmasına və münsiflərin iştirakına sərf olunur.