Əmlak Məsələləri Dövlət Xidməti "Suraxanı Maşınqayırma Zavodu"na pul qoyub

Biznes
  • 12 iyul, 2023
  • 07:38
Əmlak Məsələləri Dövlət Xidməti Suraxanı Maşınqayırma Zavoduna pul qoyub

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin idarəetməsində olan "Suraxanı Maşınqayırma Zavodu" ASC-də aparılan sağlamlaşdırma və restrukturizasiya tədbirləri çərçivəsində dövlət vəsaiti hesabına zavodun innovativ mexaniki emal sexi əsaslı təmir edilib, müasir avadanlıqlar alınıb.

"Report" xəbər verir ki, bu barədə Dövlət Xidmətinin təşkilatçılığı zavoda təşkil olunmuş mediaturda bildirilib.

Qeyd olunub ki, müəssisənin fəaliyyətinin genişləndirilməsi, texnologiya və avadanlıqların yenilənməsi istiqamətində əhəmiyyətli addımlar atılıb.

Belə ki, istehsalat sahəsi üçün CNC tipli müasir 14 torna, 3 frez, 3 mərkəzsiz cilalama, 2 kəsmə dəzgahı, həmçinin mərkəzli cilalama və pardaqlama dəzgahları, 2 yüksək tezlikli qurğu, kompressor, elektron mikroskop, 2 lazer markalama qurğusu, eləcə də metalların kimyəvi tərkibini təyin etmək üçün spektral analiz cihazı alınıb və quraşdırılıb. Yeni avadanlıqlar məhsulların yüksək dəqiqliklə istehsalına, keyfiyyətin artırılmasına, maya dəyərinin aşağı salınmasına şərait yaradır. Bu isə müəssisənin rəqabət qabiliyyətinin yüksəlməsində, satış həcminin, eləcə də ixrac imkanlarının genişlənməsində önəmli amillərdir.

Bildirilir ki, zavod ölkəmizdə fəaliyyət göstərən iri sənaye müəssisələrindəndir. 1925-ci ildən fəaliyyətə başlayan zavodda ştanqlı dərinlik nasoslarının istehsalı təşkil edilib. Hazırda zavodda ştanqlı quyu nasosları, qazlift klapanları, mexaniki və hidravliki pakerlər, quyu kameraları, hidrostatik qumtəmizləyici qurğu və onların ehtiyat hissələri istehsal olunur.

Zavodda 224 nəfər işçi çalışır.