Elnur Əliyev: "Azərbaycan iqtisadi modelini şaxələndirməkdə mühüm irəliləyişlər əldə edib"
- 07 oktyabr, 2025
- 11:01

Azərbaycan iqtisadi modelini şaxələndirmək istiqamətində mühüm irəliləyişlər əldə edib.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Elnur Əliyev Bakıda keçirilən II Azərbaycan Halal Biznes (AZHAB) Forumunda bildirib.
"2004-2024-cü illər ərzində iqtisadiyyatımıza 344 milyard ABŞ dollarından çox sərmayə qoyulub, bunun təqribən 213 milyard ABŞ dolları qeyri-neft sektorunun inkişafına yönəldilib. Azərbaycanda həyata keçirilmiş sosial-iqtisadi islahatlar və qlobal iqtisadiyyata inteqrasiya aparıcı beynəlxalq şirkətlər üçün ölkəmizdə geniş və əlverişli imkanlar yaradıb", - deyə o qeyd edib.
Nazir müavini əlavə edib ki, bu günlərdə ölkəmizdə keçirilmiş I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində dəyəri 10 milyard ABŞ dollarından çox olan layihələrlə bağlı sənədlər imzalanıb: "Bu, xarici investorların Azərbaycana olan etimadı, ölkəmizdə hökm sürən təhlükəsizlik və sabitlik mühitinin bariz göstəricisidir".