Dövlət Vergi Xidməti: Mikrosahibkarların vergi yükü əhəmiyyətli dərəcədə optimallaşdırılır
- 11 noyabr, 2026
- 14:31
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda mikrosahibkarların vergi yükünün əhəmiyyətli dərəcədə optimallaşdırılması nəzərdə tutulur.
"Report" xəbər verir ki, bunu ATV-nin "İqtisadi zona" verilişinin efirində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəis müavini Əvəz Quliyev bildirib.
Onun sözlərinə görə, hər il olduğu kimi, bu il də Milli Məclisdə müzakirə olunan Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin əsas istiqamətlərindən biri sahibkarlıq mühitinin dəstəklənməsidir: "Bu baxımdan, əsas yeniliklərdən biri mikrosahibkarlıq subyektlərinin böyüməsinin təşviq edilməsidir. Mikrosahibkarlıq subyektləri illik dövriyyəsi 200 000 manata qədər, işçilərinin sayı isə 10 nəfərə qədər olan sahibkarlıq subyektləridir. Qanunvericilikdə bu kateqoriyaya aid sahibkarlar üçün müəyyən vergi güzəştləri nəzərdə tutulub. Lakin mikrosahibkarlıq subyektləri digər sahibkarlıq kateqoriyasına keçdikdə, yəni dövriyyələri artdıqda, işçilərinin sayına görə kiçik və ya orta sahibkarlıq subyekti meyarlarına uyğun gəldikdə, həmin güzəştlərdən yararlana bilmirlər. Eyni zamanda, kateqoriyanın dəyişməsi nəticəsində onların vergi yükü də artır".
"Məhz bu yükün tənzimlənməsi və mikrosahibkarların böyüməsinin təşviq olunması məqsədilə növbəti ildən yeni mexanizmin tətbiqi təklif edilir. Qanunvericilikdə qəbul olunacağı təqdirdə, mikrosahibkarlıq subyekti olduğu əvvəlki dövrlərdə hesablanmış və ödənilmiş vergi məbləğləri sahibkar digər kateqoriyaya keçdikdən sonra yaranan vergi öhdəliklərindən 100 % çıxılacaq. Nəticədə mikrosahibkarlıq subyektlərinin böyüməsi və daha yüksək sahibkarlıq kateqoriyasına keçidi zamanı yaranan vergi yükü əhəmiyyətli dərəcədə optimallaşdırılmış olacaq", - deyə vergi rəsmisi əlavə edib.
Bundan başqa, Ə.Quliyev deyib ki, kiçik sahibkarlıq subyektlərinin də fəaliyyətinin dayanıqlığının təmin edilməsi və vergi yükünün optimallaşdırılması məqsədilə layihədə onlar üçün müəyyən şərtlər daxilində güzəştlər nəzərdə tutulur: "Söhbət son iki il ərzində kiçik sahibkarlıq subyekti meyarlarına cavab verən, yəni dövriyyəsi və işçi sayı müvafiq meyarlara uyğun olan sahibkarlıq subyektlərindən gedir. Eyni zamanda, həmin subyektlərin dövriyyəsi əvvəlki illə müqayisədə 30 %-dən az azalmamalı, əvvəlki ilin sonuna isə vergilər və digər icbari ödənişlər üzrə borcu olmamalıdır. Məhz bu şərtlərə cavab verən kiçik sahibkarlıq subyektlərinin mənfəət vergisi üzrə hesablanan vergi məbləğinin 25 %-i qədər güzəştdən yararlanması nəzərdə tutulur".