Azərbaycanda kiberhücum indikatorlarının paylaşılması 3 dəfə artıb
- 11 noyabr, 2026
- 14:35
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda bu ilin yanvar-oktyabr aylarında Kibertəhdid və İnsidentlərin Mübadiləsi Platforması (MISP) üzərindən 7 min 521 kiberhücum indikatoru (Indicator of Compromise - IOC) paylaşılıb.
"Report"un Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyində fəaliyyət göstərən Milli Kibertəhlükəsizlik Agentliyinin (MKA) məlumatları əsasında apardığı hesablamaya görə, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 3 dəfə çoxdur.
Təkcə oktyabrda platforma üzərindən 1 min 19 ədəd IOC paylaşılıb. Bu, ötən ilin oktyabr ayının göstəricisindən 4 dəfə çoxdur.
Cari ildə MKA tərəfindən 39 kiber insident təhqiqatı aparılıb. Bunların 36 %-i zərərli proqram təminatı, 26 %-i fişinqlə, 15 %-i boşluqların istismarı, 13 %-i "Business E-mail Comproise"la, 5 %-i DDos-la, 3 %-i "Defacement"lə, 2 %-i "Ransomware" ilə bağlı olub.
Hesabat dövründə ölkələrə görə insidentlərin qeyd olunduğu İP ünvanların sayı 7 min 177-yə bərabər olub. Bunların 3 146-sı Amerika Birləşmiş Ştatlarının, 840-ı Çinin, 664-ü Böyük Britaniyanın, 605-i Rusiyanın, 568-i Almaniyanın, 563-ü Niderlandın, 235-i Hindistanın, 205-i Fransanın, 190-ı Honq Konqun, 161-i Sinqapurun payına düşüb.
Xatırladaq ki, MKA-nın daxili resursları hesabına yaradılan Kibertəhdid və İnsidentlərin Mübadiləsi Platforması (MISP - Malware Information Sharing Platform) informasiya və kibertəhlükəsizlik insidentlərinin toplanılması, təhdid və hücumlara vaxtında reaksiyaların verilməsi, həmçinin qabaqlayıcı tədbirlərin görülməsi məqsədi ilə təşkilatlar tərəfindən qeydə alınmış insidentlərin paylaşılmasını təmin edir. MISP-ə RİNN-in əsas aparatı, strukturuna daxil olan və tabeliyində olan qurumlar ilə yanaşı digər dövlət qurumları və özəl sektor subyektləri (ümumilikdə 60-dan çox qurum) qoşulub. Platforma təhlükələrə dair göstəricilər (IOC - kiberhücumların və ya zərərli fəaliyyətlərin izlərini müəyyən etmək üçün istifadə olunan texniki məlumatlar), zəifliklər, hücum metodları və digər kibertəhdid məlumatlarını paylaşaraq, təhdidlərin aşkarlanması və qarşısının alınmasında effektivliyi artırır.