Daha iki ölkədən Azərbaycana elektromobil tədarükünə başlanılıb

Biznes
  • 24 noyabr, 2022
  • 10:11
Daha iki ölkədən Azərbaycana elektromobil tədarükünə başlanılıb

2022-ci ilin 3 rübü ərzində Azərbaycana 10,143 milyon ABŞ dolları dəyərində 301 ədəd elektromobil (yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri) idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki ilin analoji dövrü ilə müqayisədə dəyər ifadəsində 4,4 dəfə, kəmiyyət olaraq – 3,2 dəfə çoxdur.

Hesabat dövründə Çindən 4,828 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 28 dəfə çoxdur) 139 ədəd (+20 dəfə), Almaniyadan 2,242 milyon ABŞ dolları dəyərində (+2 dəfə) 31 ədəd (+2,2 dəfə), Amerika Birləşmiş Ştatlarından (ABŞ) 1,362 milyon ABŞ dolları dəyərində (+2,3 dəfə) 39 ədəd (+2 dəfə), Belçikadan 723,78 min ABŞ dolları dəyərində 12 ədəd (bir il əvvəl tədarük olmayıb), İsraildən 493,54 min ABŞ dolları dəyərində (+2,2 dəfə) 52 ədəd (+93 %) avtomobil gətirilib.

Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Çexiya və Yeni Zelandiyadan tədarük həyata keçirilib. Həmin ölkələrdən müvafiq olaraq 21,5 min ABŞ dolları dəyərində 1 ədəd və 142 min ABŞ dolları dəyərində 1 ədəd elektromobil alınıb.

Qeyd edək ki, ötən il Azərbaycana xaricdən (12 ölkədən) gətirilən 160 ədəd elektromobilin 36 %-i Çinin, 16,9 %-i İsrailin, 15,6 %-i ABŞ-ın payına düşüb.