Çexiya Ticarət Agentliyi: “Azərbaycan Çexiyanın əsas tədarükçülərindən biri ola bilər”

Biznes
  • 11 aprel, 2022
  • 13:56
Çexiya Ticarət Agentliyi: “Azərbaycan Çexiyanın əsas tədarükçülərindən biri ola bilər”

Çex Respublikasının Ticarət Agentliyinin Azərbaycan ofisinin direktoru Levan Bokerianın “Report”a müsahibəsi: 

- Azərbaycanla Çex Respublikasının arasında ticarət əlaqələrinin hazırkı səviyyəsini necə dəyərləndirirsiniz? Hansı sahələrdə Azərbaycanla Çexiya əməkdaşlığı genişləndirilə bilər?

- İlk olaraq qeyd edim ki, Çexiya Ticarət Agentliyi Sənaye və Ticarət Nazirliyinin tərkibində fəaliyyət göstərir. Agentliyin 50-dən çox ölkədə nümayəndəlikləri fəaliyyət göstərir. Əsas məqsədimiz Çexiya şirkətlərini tanıtmaq və onlara ixrac məsələlərində, yeni əlaqələr tapmaqda, xarici ölkələrdə tərəfdaş tapmaqda köməklik göstərməkdir. Azərbaycanda Çexiya şirkətlərinin fəaliyyəti üçün, xüsusilə də tərəfdaşlıq əlaqələrinin qurulması üçün böyük potensial var.

İki ölkə arasında ticarətin əsas istiqamətini energetika sektoru təşkil edir. Buna baxmayaraq hesab edirəm ki, Azərbaycan ilə Çexiya arasında iqtisadi əlaqələr kifayət qədər yaxşıdır, lakin son iki ildə pandemiya səbəbindən qarşılıqlı əlaqələr müəyyən qədər zəif olub. Beləliklə, bir sıra sahələr var ki, biz daha yaxşı əməkdaşlıq edə bilərik və biz böyük potensial görürük.

- Azərbaycanda neçə Çexiya şirkəti fəaliyyət göstərir?

- Azərbaycanda fəaliyyət göstərən çex şirkətlərinin dəqiq sayı barədə məlumatımız yoxdur. Bəzi şirkətlərin Azərbaycan tərəfdaşları ilə birbaşa əlaqəsi var. Ümumiyyətlə, Çexiyanın Azərbaycana ixracı şaxələnir. Azərbaycana ərzaq gətirən çex şirkətlərinə də rast gəlmək olar. Eyni zamanda, neft və qaz hasilatı zamanı istifadə olunan, enerji sektorunu avadanlıqlarla təmin edən şirkətlərimiz var. Bununla yanaşı, Çexiya istehsalı olan su təmizləmə qurğuları ilə Bakının suyu təmizlənir.

Azərbaycanın Çexiyaya ixracı əsasən neft və qaza əsaslanır, Azərbaycan Çexiya üçün ikinci ən böyük neft və qaz tədarükçüsüdür.

Rusiyaya qarşı Avropa İttifaqı tərəfindən tətbiq olunan sanksiyaları nəzərə alaraq, Azərbaycan tezliklə Çexiyanın birinci tədarükçüsü olacaq. Yaranmış vəziyyət bir sıra ölkələrə, o cümlədən Azərbaycana böyük imkanlar və şanslar yaradır. Azərbaycan Çexiyanın böyük həcmdə məhsul tədarükçülərindən biri ola bilər.

- Azərbaycan Çexiyaya hansı məhsulları ixrac edə bilər?

- Hələlik Rusiya ilə bağlı vəziyyəti təhlil edirik, çünki bu, bizim üçün kifayət qədər yenidir. Məncə, bu, xammal, polad, kənd təsərrüfatı məhsulları ola bilər. Düşünürəm ki, kənd təsərrüfatı məhsulları bizim üçün maraqlı ola bilər.

Biz Rusiyadan bir sıra məshulların xammalını alırdıq. Hazırda isə ölkənin bazarını təhlil edirik. Hazırkı məqamda Çexiyanın ehtiyacı olduğu məhsullarla bağlı dəqiq cavab vermək çətindir. Hesab edirəm ki, Çexiya ilə Cənubi Qafqaz regionu arasında ticarətin həcmi gələcəkdə daha çox ola bilər.

- Azərbaycanla Çexiya arasında Hökumətlərarası Komissiyanın iclası nə zaman keçiriləcək?

- Hökumətlərarası Komissiyanın iclası bu ilin fevralın sonu - martın əvvəlində keçirilməsi planlaşdırılırdı. Lakin pandemiya ilə əlaqədar yaranmış vəziyyətə görə iclasın vaxtı təxirə salınıb. Hesab edirəm ki, iclas tezliklə keçiriləcək.

-İyunda Azərbaycanda Energetika Forumu keçiriləcək. Çexiya şirkətlərinin bu foruma marağı varmı?

-İyunda Çexiya şirkətləri Azərbaycana gələcəklər. Bu nümayəndə heyətinə təkcə neft və qaz şirkətləri daxil olmayacaq, eyni zamanda bərpa olunan enerji sahəsinə aid olan, innovativ şirkətlərin də daxil olması gözlənilir. Onlar təkcə neft və qaz sektoru üzrə təchizatçı deyillər, həm də "yaşıl" enerji sahəsi üzrə innovatorlardır, bu isə yüksək texnologiyalara, innovativ metodlara əsaslanan enerji sahəsidir ki, Azərbaycan üçün maraq kəsb edən mövzudur. Çexiya şirkətləri bu mövzuda unikaldırlar.

Əlavə etmək istərdim ki, Çexiya şirkətləri bir müddət əvvəl Bakıda keçirilmiş “Baku Build” sərgisində iştirak ediblər. 

- Çexiya şirkətlərinin Azərbaycanda hansı çətinlikləri var?

- Azərbaycanda yerli tərəfdaşlar olmadan uğur qazanmaq bir az çətindir. Hesab edirəm ki, əsas məsələ yerli tərəfdaşların tapılmasıdır. Biz hər zaman Çexiya şirkətlərinə yerli tərəfdaş tapmağı məsləhət görürük, çünki yerli şirkətlərin yerli bazarla bağlı təcrübələri, bilikləri mühümdür. Biz Avropada işlərimizi əsasən onlayn görüşlərlə, internet vasitəsilə edirdik. Lakin çex şirkətlərinin Azərbaycanda onları yönləndirən yerli distribütor tapması üçün ölkəyə gəlmələri vacibdir.

- Artıq bir çox xarici şirkətlər Qarabağda sosial-iqtisadi inkişafın sürətləndirilməsi, yeni infrastrukturun yaradılması ilə bağlı layihələr həyata keçirmək niyyətində olduqlarını bəyan ediblər və onlardan bir neçəsi artıq müqavilələr imzalayaraq fəaliyyətə başlayıblar. Çex şirkətləri arasında Qarabağda işləmək istəyənlər varmı?

- Bu, onlar üçün böyük fürsət ola bilər. Mən daha çox çex şirkətlərini "ağıllı" şəhərlərin yaradılmasında görmək istərdim. Çex şirkətləri yenilik gətirə bilən şirkətlərdir. Bu şirkətlər "ağıllı" kəndlər və şəhərlər üçün yeni texnologiyalar təklif edə bilərlər.

Lakin çex şirkətlərinin Qarabağdakı fəaliyyəti, imzaladıqları müqavilələr barədə dəqiq məlumatımız yoxdur.

- Azərbaycan vasitəsilə qonşu ölkələrin bazarlarına çıxmaq istəyən şirkətlər varmı? Məsələn, Gürcüstana.

- Adətən, çex şirkətləri hər iki ölkə ilə maraqlanır. Onlar bizə müraciət edirlər və buranı bir region olaraq görürlər. Azərbaycanda uğurlu olduqları təqdirdə, Gürcüstanda da uğur qazanacaqlarını gözləyirlər, yaxud da Gürcüstanda uğurlu olacaqları təqdirdə Azərbaycanda da uğurlu olacaqlarına ümid edirlər. Gürcüstanda bu bir qədər asandır, çünki Gürcüstanla Azad Ticarət Sazişi var, Gürcüstanla Aİ ölkələri arasında tətbiq edilən ticarət rejimi gömrük rüsumlarından azad edir.

Məsələn, Çexiya şirkətlərinin son uğuru ondan ibarətdir ki, ötən ay Çexiyanın “Dermacol” kosmetik brendi Azərbaycanda mağaza açıb və onlar öz məhsullarını Gürcüstana da ixrac etmək istəyərlər.

- Azərbaycanla Çexiya arasında turizmin inkişafı üçün nə etmək lazımdır?

- Biz Çexiyanın Azərbaycanın turizm sektoruna maraq göstərən şirkətləri ilə əməkdaşlıq edirik. Gürcüstan Azərbaycanla müqayisədə turizm üçün daha hazırlıqlıdır. Gürcüstanda turizm üçün infrastruktur Azərbaycanla müqayisədə daha inkişaf edib. Bu, bir az kədərləndiricidir. Çünki Azərbaycanın möhtəşəm təbiəti var.

Hesab edirəm ki, Azərbaycan maraqlı turizm mərkəzi ola bilər. Xüsusilə də, Avropa İttifaqına üzv olan ölkələr üçün Azərbaycan möhtəşəm mətbəx təqdim edə bilər, ölkənin gözəl havası, dağları, dənizi var, insanları isə çox qonaqpərvər və merhribandırlar. Turistlərin sayı daha da arta bilər. Çexləri Azərbaycana gətirmək istəyən şirkətlər var. Hesab edirəm ki, Avropa İttifaqı ölkələrində Azərbaycanın turizminin daha çox təbliğinə ehtiyac var.

44 - Tezliklə