Bu il Azərbaycan azot gübrəsinin ixracını 2 dəfədən çox artırıb

Biznes
  • 25 oktyabr, 2024
  • 10:37
Bu il Azərbaycan azot gübrəsinin ixracını 2 dəfədən çox artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan 89 milyon 937,57 min ABŞ dolları dəyərində 408 min 639 ton azot gübrəsi ixrac edilib.

“Report” Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə ixrac edilən məhsulun dəyəri 1,8 dəfə, həcmi isə 2,1 dəfə artıb.

Sentyabrda isə ölkədən 11 milyon 284,1 min ABŞ dolları məbləğində 46 min 996 ton azot gübrəsi ixrac edilib ki, bu da keçən ilin analoji dövrünə nisbətən müvafiq olaraq 32 % və 28 % çoxdur.

Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 2 milyard 81 milyon 519,33 min ABŞ dolları dəyərində əsas qeyri-neft məhsulları ixrac edib. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4,2 % azdır. Azərbaycan mənşəli əsas qeyri-neft məhsullarının ixracında azot gübrəsinin payı 4,32 % təşkil edir.

Bu ilin 9 ayında Azərbaycan xarici ölkələrlə 34 milyard 498 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 19 milyard 855 milyon ABŞ dolları ixracın, 14 milyard 643 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 25 % azalıb, idxal isə 16 % artıb.