Bakıda ticarət dövriyyəsinin dəyəri 4 %-dən çox artıb
- 08 aprel, 2025
- 15:32
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-fevral aylarında Bakıda ticarət dövriyyəsinin dəyəri 5 milyard 621,2 milyon manat olub.
Bu barədə “Report”a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 % çoxdur.
Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin yanvar-fevral ayları ilə ilə müqayisədə 1,4 % artaraq 3 milyard 57,9 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 8 % artaraq 2 milyard 563,3 milyon manata bərabər olub.
İstehlak məhsullarının 36,6 %-i hüquqi şəxs statuslu müəssisələrdə, 49,9 %-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 13,5 %-i isə paytaxtın məhsul bazarlarında satılıb.
2 ayda Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 9 milyard 241,2 milyon manatlıq, o cümlədən 5 milyard 66,9 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 4 milyard 174,3 milyon manatlıq qeyri-ərzaq malları satılıb. 1 il əvvələ nisbətən pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,8 %, qeyri-ərzaq malları üzrə 6,2 % artıb.