Azərbaycanda mağazaların mikromaliyyə sektoruna daxil olması nə vəd edir?
- 07 iyun, 2024
- 11:45
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda elektronika və məişət texnikası satan mağazalar arasında bank olmayan kredit təşkilatı (BOKT) yaratmaq və yaxud almaq tendensiyası geniş vüsət almaqdadır.
Məsələn, "Baku Electronics" MMC TCF BOKT-un, "Kontakt Home" ticarət nişanı adı altında fəaliyyət göstərən "ABC-Telecom" MMC isə "Nova Credit" BOKT-un birbaşa və yaxud dolayı yolla sahibidir. Bir qədər əvvəl isə "İrşad Electronics" MMC-yə yaxın "İrşad" BOKT yaradılıb. Kredit təşkilatı hələ ki, Azərbaycan Mərkəzi Bankından lisenziya almayıb.
Bəs mağazaların mikromaliyyə sektoruna daxil olması nə vəd edir? "Report" mövzunu ekspertlərlə müzakirə edib.
"Azərbaycan Mikromaliyyə Assosiasiyası" İctimai Birliyinin (AMFA) İdarə Heyətinin sədri Cəlal Əliyev hesab edir ki, mağazalar şəbəkəsinin özünün BOKT-unun olması kredit çevikliyini artırır: “Azərbaycan qanunvericiliyinə görə, həm fiziki, həm də hüquqi şəxslərin kredit təşkilatı yaratmasına maneə yoxdur. Yəni, mövcud tendensiya qanunvericiliyə uyğundur. Mağazalar əvvəllər də daxili kreditlə mal satırdılar, indi isə bunu kredit təşkilatı yaratmaqla edirlər. BOKT-a sahiblik imkan verir ki, ticarət şəbəkələri kredit şərtlərini öz satışlarına daha çox uyğunlaşdırsın. Bundan əlavə, şəbəkələrin BOKT olanda müştəri profilini tam əhatə edirlər. Ona görə çalışırlar ki, özlərinin təsirində olan BOKT olsun”.
Onun fikrincə, bu tendensiya BOKT-lar arasında rəqabəti gücləndirəcək: "Mağazaların BOKT-unun olması rəqib kredit təşkilatlarına ciddi təsir edəcək. Əvvəl mağazaların müştəriləri hansısa BOKT-dan kredit götürürdülərsə, hazırda kreditləşmə mağazanın təsisçisi olduğu BOKT-la həyata keçiriləcək. Bu da mağaza ilə əməkdaşlıq edən BOKT-ların müştəri itirməsinə səbəb ola bilər. Hesab edirəm ki, bazarda istehlak kreditləri artacaq. Çünki bir qrup BOKT var ki, onlar istehlak krediti verməyə meylli deyil. Amma inanmıram ki, mağazaların mikromaliyyə bazarına girməsi ilə digər BOKT-lar bazardan çıxsın".
Maliyyə eksperti Xalid Kərimli də hesab edir ki, ticarət şəbəkələrinin BOKT yaratması mövcud BOKT-lər üçün baş ağrısı ola bilər: “Bazarda əlavə rəqiblər çıxır, bazar parçalanır. Amma bu, istehlakçı baxımından bizi çox maraqlandırmamalıdır, biznes sahibinin problemidir. Mövcud BOKT-lar müflis də ola bilər. Amma hər hansı bir BOKT-un bazardan çıxması iqtisadiyyat üçün baş ağrısı deyil. Çünki BOKT depozit cəlb eləmir, öz pulunu batırır”.
İqtisadçı-ekspert Rəşad Həsənov də ticarət şəbəkələrinin BOKT yaratmasında problem görmür: “Bu bazarın çağırışlarından ortaya gələn təşəbbüslərdir. Çünki elektronika və məişət texnikasının satışında kredit mexanizmi çox geniş yayılıb. Birdəfəlik ödəniş bu bazarda çox kiçik paya malikdir. Hesab edirəm ki, mövcud BOKT-lar müəyyən çətinliklərlə üzləşə bilər. Amma bu da bir bazardır, rəqabət hər zaman çox vacibdir və bu subyektlərin bazara daxil olması istənilən halda təklifin artmasına, rəqabət mühitinin güclənməsinə şərait yaradır”.