Azərbaycanda 10 ayda vergi ödəyicilərinə xidmət mərkəzlərində 455 minə yaxın şəxs qəbul edilib
- 17 noyabr, 2026
- 12:01
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandakı vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 454 838 şəxs qəbul edilib.
"Report" quruma istinadən xəbər verir ki, həmin müraciətlər üzrə 752 331 sayda xidmət göstərilib.
Xidmət mərkəzlərində əməliyyat xarakterli müraciətlər, əsasən, aşağıdakılardan ibarət olub və ümumi xidmətlərin sayında xüsusi çəkisi 55,9 % təşkil edib:
- Bəyannamələrin (hesabatların), habelə cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;
- Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması (bərpası);
- Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;
- "ASAN İmza" sertifikatlarının verilməsi;
- Vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;
- Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;
- Vergi ödəyicisinə arayışların verilməsi;
- Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) uçota alınması (uçotdan çıxarılması);
- Fiziki şəxsin uçotdan çıxarılması.
10 ayda vergi ödəyicilərinin 22,7 min yazılı müraciəti cavablandırılıb, onlara 18,6 milyon məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. 4 348 vergi ödəyicisinin iştirakı ilə 318 görüş keçirilib, 5 379 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib. Vergi ödəyicilərinin məlumatlandırılması istiqamətində preventiv tədbirlərin görülməsi məqsədilə onların mobil nömrələrinə 3,6 milyon SMS göndərilib.