Azərbaycana göndərilən humanitar yardım artıb
- 26 dekabr, 2016
- 09:28
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 26 dekabr. REPORT.AZ/ Cari ilin yanvar-noyabr ayları ərzində Azərbaycana 31,6 mln. ABŞ dolları həcmində humanitar yük, təmənnasız kömək və texniki yardım idxal olunub.
"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 32% çoxdur.
Eyni zamanda, bu malların ixracında isə azalma qeydə alınıb. Belə ki, humanitar yük, təmənnasız kömək və texniki yardım ixracı illik müqayisədə 36% azalaraq cari ilin ilk 11 ayı ərzində 82,5 min manat təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycan 183 ölkə ilə 16,031 mlrd. dollar həcmində ticarət əməliyyatı həyata keçirib. Ticarət dövriyyəsinin həcmində ötən ilin eyni dövrü ilə müqayisədə 20,2% azalma qeydə alınıb. Hesabat dövründə idxal əməliyyatlarının həcmi illik 6,0% azalaraq 7,717 mlrd. dollar, ixrac isə illik 30,02% azalaraq 8,315 mlrd. dollara enib. Bu ilin yanvar-noyabr ayları ərzində ticarət dövriyyəsində 598,184 mln. dollarlıq müsbət saldo yaranıb. Ötən ilin müvafiq dövründə həmin göstərici 2,432 mlrd. dollar təşkil edib. Beləliklə, ticarət dövriyyəsinin müsbət saldosunda 4 dəfədən çox azalma qeydə alınıb. Bu müddətdə ölkəyə 7 228 adda mal gətirilib, Azərbaycandan isə əksinə 2 809 çeşiddə mal ixracı həyata keçirilib.