Azərbaycan Macarıstana qara kürü ixrac etməyə başlayıb
- 23 dekabr, 2024
- 11:19
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 978 min ABŞ dolları dəyərində 0,9 ton qara kürü (nərə balıqlarının kürüsü) ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,4 dəfə, kəmiyyət olaraq – 2 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinə 499,4 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 6 dəfə) 0,5 ton (+6 dəfə), Amerika Birləşmiş Ştatlarına 166,1 min ABŞ dolları dəyərində (+75 %) 0,2 ton (+75 %), Təyin olunmayan ölkəyə (Rüsumsuz Ticarət Mağazasından alınıb) 138 min ABŞ dolları dəyərində (+35 %) 0,07 ton (+17 %), Qazaxıstana 80 min ABŞ dolları dəyərində 0,04 ton (bir il əvvəl tədarük olmayıb), Sinqapura 40,3 min ABŞ dolları dəyərində (+82 %) 0,02 ton (dəyişməyib) qara kürü satıb.
Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Macarıstana (2,7 min ABŞ dolları dəyərində 0,01 ton) tədarük həyata keçirilib.