Azərbaycan daha bir ölkəyə avtomobil ixrac etməyə başlayıb
- 13 yanvar, 2023
- 06:01
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən ilin ilk 10 ayı ərzində Azərbaycan 23,682 milyon ABŞ dolları dəyərində 271 ədəd minik avtomobili (benzin, dizel, hibrid və tam elektrik mühərrikli) ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 9 dəfə, kəmiyyət olaraq – 7 dəfə çoxdur.
Hesabat dövründə Qazaxıstana 16,377 milyon ABŞ dolları dəyərində 187 ədəd (2 il 11 aydan sonra tədarük bərpa edilib), Rusiyaya 2,849 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 17 dəfə çoxdur) 32 ədəd (+5,3 dəfə), Gürcüstana 2,386 milyon ABŞ dolları dəyərində (+159 dəfə) 28 ədəd (+28 dəfə), Birləşmiş Ərəb Əmirliklərinə 818,92 min ABŞ dolları dəyərində (-24 %) 4 ədəd (-66,7 %), Ukraynaya 659,2 min ABŞ dolları dəyərində (+44 dəfə) 2 ədəd (+9 dəfə) nəqliyyat vasitəsi satılıb.
Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Qırğızıstana tədarük həyata keçirilib. Həmin ölkəyə 231 min ABŞ dolları dəyərində 3 ədəd avtomobil satılıb.