Azərbaycan daha bir ölkədən akkumulyator tədarük etməyə başlayıb

Biznes
  • 05 iyul, 2023
  • 08:56
Azərbaycan daha bir ölkədən akkumulyator tədarük etməyə başlayıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycana xarici ölkələrdən 11,8 milyon ABŞ dolları dəyərində 1 milyon 174 min 680 ədəd akkumulyator idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 40 %, kəmiyyət olaraq – 2,3 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Çindən 2,6 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 64 % çoxdur) 997 min 437 ədəd (+3 dəfə), Türkiyədən 2,4 milyon ABŞ dolları dəyərində (+28 %) 51 min 71 ədəd (+10,1 %), Qazaxıstandan 2 milyon ABŞ dolları dəyərində (+45 %) 55 min 60 ədəd (+32 %), Rusiyadan 947,3 min ABŞ dolları dəyərində (-31 %) 17 min 487 ədəd (-44 %), Belarusdan 705 min ABŞ dolları dəyərində (+2,4 dəfə) 16 min 472 ədəd (+2,3 dəfə) məhsul alıb.

Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Səudiyyə Ərəbistanından (0,8 min ABŞ dolları dəyərində 2 ədəd) tədarük həyata keçirilib.

2022-ci ildə Azərbaycana (52 ölkədən) idxal olunmuş 1 milyon 636 min ədəd akkumulyatorun 65,8 %-i Çinin payına düşüb.