Azərbaycan daha 3 ölkədən elektromobil almağa başlayıb

Biznes
  • 30 dekabr, 2022
  • 06:46
Azərbaycan daha 3 ölkədən elektromobil almağa başlayıb

2022-ci ilin 10 ayı ərzində Azərbaycana 12,746 milyon ABŞ dolları dəyərində 368 ədəd elektromobil (yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri) idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki ilin analoji dövrü ilə müqayisədə dəyər ifadəsində 5 dəfə, kəmiyyət olaraq – 3,5 dəfə çoxdur.

Hesabat dövründə Çindən 6,696 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 23 dəfə çoxdur) 195 ədəd (+11 dəfə), Almaniyadan 2,586 milyon ABŞ dolları dəyərində (+2,2 dəfə) 35 ədəd (+2,3 dəfə), Amerika Birləşmiş Ştatlarından (ABŞ) 1,531 milyon ABŞ dolları dəyərində (+2,5 dəfə) 42 ədəd (+2,1 dəfə), Belçikadan 946,91 min ABŞ dolları dəyərində 16 ədəd (bir il əvvəl tədarük olmayıb), İsraildən 493,54 min ABŞ dolları dəyərində (+2,2 dəfə) 52 ədəd (+93 %) avtomobil gətirilib.

Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Çexiya, İtaliya və Yeni Zelandiyadan tədarük həyata keçirilib. Həmin ölkələrdən müvafiq olaraq 21,5 min ABŞ dolları dəyərində 1 ədəd, 15 min ABŞ dolları dəyərində 2 ədəd və 142 min ABŞ dolları dəyərində 1 ədəd elektromobil alınıb.

Qeyd edək ki, ötən il Azərbaycana xaricdən (12 ölkədən) gətirilən 160 ədəd elektromobilin 36 %-i Çinin, 16,9 %-i İsrailin, 15,6 %-i ABŞ-ın payına düşüb.