Azərbaycan daha 2 ölkəyə alüminium ixrac etməyə başlayıb
- 10 mart, 2023
- 09:22
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən il ərzində Azərbaycan xarici ölkələrə 127 milyon ABŞ dolları dəyərində 45 min 610 ton alüminium ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci illə müqayisədə dəyər ifadəsində 68 %, kəmiyyət olaraq – 50 % çoxdur.
Hesabat dövründə Azərbaycan Türkiyəyə 74,34 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 87 % çoxdur) 28 min 380 ton (+77 %), İsveçə 16,21 milyon ABŞ dolları dəyərində (+4,6 dəfə) 4 min 187 ton (+3,8 dəfə), Yaponiyaya 12,1 milyon ABŞ dolları dəyərində (-20 %) 5 min 102 ton (-30 %), Özbəkistana 11,12 milyon ABŞ dolları dəyərində (+95 %) 3 min 828 ton (+93 %), Böyük Britaniyaya 7,38 milyon ABŞ dolları dəyərində 2 min 276 ton məhsul satıb.
Azərbaycandan Gürcüstana (154 min ABŞ dolları dəyərində 48 ton), İrana (146 min ABŞ dolları dəyərində 47 ton), İtaliyaya (2,55 milyon ABŞ dolları dəyərində 990 ton) və Böyük Britaniyaya alüminium tədarükü bərpa edilib.
Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Bosniya və Herseqovinaya (138 min ABŞ dolları dəyərində 48 ton) və Əlcəzairə (285 min ABŞ dolları dəyərində 108 ton) ixrac həyata keçirilib.