Azərbaycan BMT ilə müxtəlif məsələlərə dair müzakirələr aparıb

Biznes
  • 12 iyul, 2023
  • 12:10
Azərbaycan BMT ilə müxtəlif məsələlərə dair müzakirələr aparıb

BMT ilə Azərbaycan arasında səmərəli əməkdaşlıq, Baş Assambleyanın 78-ci sessiyasında baş tutacaq Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Sammiti və 3-cü DİM Dialoqunun keçirilməsinə dair fikir mübadiləsi aparılıb.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov tviter hesabında bildirib.

Onun sözlərinə görə, müzakirələr BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreyeva ilə baş tutub.

***

Nazirliyin bununla bağlı yaydığı məlumatda isə deyilir ki, görüşdə ölkəmizin sosial-iqtisadi hədəflərinə nail olması üçün BMT və onun ixtisaslaşmış qurumları ilə əməkdaşlığın genişləndirilməsinin önəmi diqqətə çatdırılıb.

Vurğulanıb ki, Azərbaycanda DİM üzrə BMT qarşısında götürülmüş öhdəliklərin həyata keçirilməsi dövlətin sosial-iqtisadi siyasətinin mühüm elementlərindəndir. Bu baxımdan, ölkədə müvafiq dövlət proqramları və strategiyalar DİM-lərə uyğunlaşdırılıb. BMT ilə 2021-2025-ci illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi imzalanıb və hazırda icra olunur. DİM-lərə nail olmaq məqsədilə həyata keçirilən tədbirlərin sürətləndirilməsi önəm kəsb edir.

Görüşdə Milli Prioritetlər və 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasından irəli gələn istiqamətlərə uyğun olaraq növbəti illərdə ölkəmizdə DİM üzrə dialoqların təşkili məsələsi də nəzərdən keçirilib.

44 - Tezliklə