Azərbaycan BƏƏ və MDB ölkələrinə zərgərlik məmulatları ixrac edə bilər

Biznes
  • 06 oktyabr, 2022
  • 11:19
Azərbaycan BƏƏ və MDB ölkələrinə zərgərlik məmulatları ixrac edə bilər
Toğrul Abbasquliyev

Bu ilin sonuna Azərbaycanda hazırlanan zərgərlik məmulatlarının BƏƏ və MDB ölkələrinə ixracı planlaşdırılır.

Bu barədə "Report"a Azərbaycan Zərgərlər Assosiasiyasının sədri Toğrul Abbasquliyev məlumat verib.

O, qeyd edib ki, hazırda bu istiqamətdə Assosiasiya və yerli istehsalçıların iştirakı ilə danışıqlar gedir.

T.Abbasquliyev zərgərlik məmulatları bazarının mövcud vəziyyəti barədə də məlumat verib:

"Zərgərlik məmulatlarının satışı əsasən toy mərasimləri ilə bağlı olduğu üçün məhərrəmlik dönəmində bazarda müəyyən durğunluq yaşandı. Hazırda istehalçılar mal ehtiyalarını genişləndirməyə çalışır. Son iki ayda onlar bununla məşğul olub. Əsas qarşıdan gələn yeni il bayramı ərəfəsində satışları genişləndirməkdir. Dekabr-yanvar ayları zərgərlik bazarı üçün kifayət qədər uğurlu olur. İndi bu ayları qarşılamağa hazırlıq gedir".

Müsahibimiz zərgərlik məmulatlarının qiymətindən də danışıb:

"Yaz aylarından qızılın birja qiyməti düşməyə başladı 62-63 ABŞ dollarından düşərək sentyabrın sonunda 52 ABŞ dollarına qədər endi. Son 10-15 gündə qızılın qiymətində artım var. Bu gün bir qram 999 əyarlı qızılın birja qiyməti 55 ABŞ dolları təşkil edir. Birjada qiymətlərin düşməsi zərgərlik məmulatlarının qiymətinə təsir edir. Birjada qiymət artanda zərgərlər də qiyməti artırır. Bazarda təklif və tələb də qızıla təsir edir. Bazarda əhalidən yığılıb istehsalçılara satılan qızılın qiyməti birja qiymətindən həmişə 1-3 ABŞ dolları fərqli olur. Tələb artanda və istehsal çox olanda istehsalçılara satılan həmin qızılın da qiyməti kifayət qədər artır. Bu zaman zinət əşyaları da baha qiymətə satılır. Hətta bu qızılın qiyməti ilə birjadakı qiymət arasında 4 ABŞ dollarına qədər fərq olur ki, bu da məmulatların qiymətinə təsir edir. Bazarda tələb və satış az olanda isə qızılın qiyməti də birja qiymətinə çox yaxın olur. Ümumiyyətlə qızıl xammal kimi əsasən bazarda fəaliyyət göstərən xam qızıl təchizatçılarından və müəyyən qədər "AzerGold"dan əldə edilir".

T.Abbasquliyev qeyd edib ki, bazarda pandemiyadan öncəki tələbat səviyyəsi hələ bərpa olunmayıb: "Pandemiyadan öncə hətta bahalı məmulatlara da tələbat çox idi. İndi isə istehlakçılar daha ucuz və daha az çəkili məmulatlara üstünlük verir. Hazırda əsas tələbat 585 əyarlı qızıladır".