Azərbaycan Aİ-nın maliyyə dəstəyi ilə iki layihənin icrasını yekunlaşdırıb
- 22 fevral, 2022
- 07:15
Yeniliklərdən dərhal xəbərdar olun!
İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) benefisiarı olduğu, Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə həyata keçirilən “Kiçik və orta sahibkarlıq üçün daha əlverişli mühitin yaradılması və rəqabətliliyinin artırılması sahəsində Azərbaycan Hökumətinə dəstək” və “Kənd yerlərində sahibkarlığın inkişafına dəstək” layihələrinin icrası başa çatıb.
“Report”un məlumatına görə, bununla bağlı keçirilən tədbirdə çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib ki, hazırda Azərbaycanın xarici ticarət dövriyyəsində Aİ ölkələrinin payı təxminən 40%-dir və ikitərəfli münasibətlərin inkişafına böyük önəm verilir.
“2020-ci ildə Azərbaycan Aİ ölkələri ilə 9,5 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb, o cümlədən 6,8 milyard dollarlıq ixrac həyata keçirib. Hazırda ölkəmizdə 1 700-dən çox Aİ şirkəti fəaliyyət göstərir. Bütün bunlar ikitərəfli iqtisadi əməkdaşlığın miqyasını nümayiş etdirir. Digər tərəfdən Qarabağ bölgəsinin 30 ilə yaxın müddətdə davam etmiş erməni işğalından azad edilməsi ilə yaranan yeni reallıqlar, o cümlədən kommunikasiyaların açılması və Zəngəzur dəhlizinin fəaliyyətə başlaması regionda əməkdaşlığın və iqtisadi inteqrasiyasının genişləndirilməsi üçün imkanlar yarada bilər. Bu xüsusilə, post-pandemiya dövründə iqtisadiyyatların bərpası və davamlı artım tempinin təmin edilməsi baxandan da əhəmiyyətlidir”, - deyə o, qeyd edib.
“İndiyə qədər Azərbaycan hökuməti tərəfindən milli iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması, ölkədə investisiya və biznes mühitinin daha da təkmilləşdirilməsi, kiçik və orta biznesin inkişafının stimullaşdırılması, bütövlükdə dayanıqlı inkişafın təşviqi istiqamətində strateji islahatlar və konkret tədbirlər həyata keçirb. Koronavirus (COVID-19) pandemiyasının yaratdığı mənfi təsirlərə baxmayaraq, 2021-ci ildə ölkədə ÜDM 5,6% artıb. O cümlədən iqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 7,2%, neft-qaz sektorunda isə 1,8% artıb. Əksər iqtisadiyyatlarda olduğu kimi, Azərbaycanda da mikro, kiçik və orta sahibkarlıq subyektləri ölkədə fəaliyyət göstərən bizneslərin böyük hissəsini təşkil edir. Bu baxımdan, ölkənin dayanıqlı inkişafı kiçik və orta biznesin inkişaf səviyyəsi ilə sıx bağlıdır. KOBİA özünün hədəf seqmentləri olan startap, mikro, kiçik və orta sahibkarlıq üzrə biznesin yaradılmasından başlayaraq, onun fəaliyyətinin bütün mərhələlərində müxtəlif vasitələrlə onlara dəstək göstərməklə, dövlət qurumları ilə KOB subyektləri arasında körpü rolunu oynamaqdadır”, - deyə O.Məmmədov əlavə edib.
Xatırladaq ki, “Kiçik və orta sahibkarlıq üçün daha əlverişli mühitin yaradılması və rəqabətliliyinin artırılması sahəsində Azərbaycan Hökumətinə dəstək layihəsi” 27 yanvar 2020-ci ildən 26 fevral 2022-ci ilə qədər icra olunmalı idi. Layihənin ümumi məqsədi kiçik və orta sahibkarlıq üçün daha əlverişli mühitin yaradılması və rəqabət qabiliyyətinin artırılmasında Azərbaycan hökumətinə dəstək göstərməkdir. Layihə çərçivəsində bir sıra işlər həyata keçirilib. Belə ki, KOBİA-da layihələrin idarə edilməsinə cəlb edilmiş əməkdaşları istiqamətləndirmək üçün layihələrin idarə edilməsi üzrə təlimat hazırlanıb. Layihələrin idarə edilməsi nizamnaməsi tərtib edilib. Layihə nəticəsində bir sıra nəticələr əldə edilib: KOBİA-da layihələrin idarə edilməsi ofisinin müvafiq proseslərin ardıcıllığı, daxili hüquqi çərçivə və siyasət sənədləri ilə layihələrin idarə edilməsini inkişaf etdirmək üçün dəstəklənməsi və 3 illik Biznes Planların hazırlanması üçün 5 iş departamentinə dəstək göstərilməsi, KOB İnkişaf Fondu üçün alternativ və innovativ maliyyələşdirilmə modelləri , eləcə də strateji sənədlərin hazırlanması, KOBİA-nın effektiv kommunikasiya funksiyasının yaradılması, qabaqcıl beynəlxalq təcrübə əsasında KOB klasterləri üçün dövlət dəstəyi siyasəti üzrə tövsiyyələrin hazırlanması, KOB İnkişaf Mərkəzlərinin yaradılması və fəaliyyətinin dəstəklənməsi.
“Kənd yerlərində sahibkarlığın inkişafına dəstək” layihəsinin həyata keçirilməsində məqsəd isə İqtisadiyyat Nazirliyinə və onun müvafiq strukturlarına kənd yerlərində sahibkarlığın və KOB -un inkişafına təkmil dəstəyin göstərilməsi üçün dəstək verməkdir. Layihəyə 2019-cu ilin mayından başlanılıb və 2022-ci ilin fevralına qədər davam edib.