AQSİA: Regionlarda 700 qadın ilkin kapitalla təmin edilib

Biznes
  • 06 mart, 2024
  • 07:59
AQSİA: Regionlarda 700 qadın ilkin kapitalla təmin edilib

İndiyə qədər Azərbaycanın regionlarında 700 qadın sahibkarlıq fəaliyyətinə başlaması üçün ilkin (toxum) kapitalla təmin edilib.

"Report" xəbər verir ki, bunu "Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Assosiasiyası" (AQSİA) İctimai Birliyinin sədri Səkinə Babayeva Bakıda keçirilən "Yaşıl dünya naminə qadın həmrəyliyi və innovativ gələcək" mövzusunda tədbirdə bildirib.

Bundan başqa, onun sözlərinə görə, indiyə qədər Assosiasiya 2 000-ə qədər tədbir, 120 əl işləri sərgisi təşkil edib, 40 memorandum imzalayıb, 15 beynəlxalq, 10 yerli qrant layihəsi icra edilib.

O qeyd edib ki, istər qlobal, istərsə də ölkə miqyasında qadın sahibkarlığının fəaliyyətinin genişlənməsi müşahidə olunur: "Hər bir ölkənin dayanıqlı iqtisadi inkişafı qadın sahibkarlığının inkişafı ilə birbaşa bağlıdır. Qadınlar kiçik biznesə, özünüməşğulluğa getdikcə daha çox maraq göstərirlər. 2024-cü ilin ölkədə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmasını və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi çərçivəsində təşkil olunacaq tədbirlərdə qadınların mövcud potensialından istifadə olunması əhəmiyyətlidir. Bu sahədə qadın sahibkarların da bir sıra təşəbbüsləri var. Ümumiyyətlə, qadınların "yaşıl iqtisadiyyat"da rolunun artırılması cəmiyyət, biznes və milli iqtisadiyyat üçün önəmlidir".

Tədbir çərçivəsində “Qadın sahibkarlığında innovativ gələcək” və “Beynəlxalq arenada qadın liderlərin təcrübəsi” adlı panel müzakirələr də təşkil edilib.

Tədbirdə Milli Məclisin deputatları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, KOBİA-nın, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Qarabağ Dirçəliş Fondunun, AQSİA-nın və digər yerli və xarici qurumların nümayəndələri çıxış ediblər.