Quş əti istehsalçıları: “Mağaza şəbəkələri TV reklamlarını bizim hesabımıza maliyyələşdirirlər”
- 12 aprel, 2022
- 12:05
Yeniliklərdən dərhal xəbərdar olun!
Ölkənin mağaza şəbəkələri TV reklamlarını quş əti və yumurta istehsalçılarının vəsaiti hesabına maliyyələşdirirlər.
“Report” xəbər verir ki, bunu Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının (APEPEA) İdarə Heyətinin üzvü Vaqif Hüseynov İqtisadiyyat Nazirliyi tabeliyində fəaliyyət göstərən Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) Assosiasiya üzvləri ilə keçirilən görüşdə deyib.
Onun sözlərinə görə, ticarət şəbəkələri ən müxtəlif adlar altında istehsalçılardan müqavilədə nəzərdə tutulmayan ödənişlər alırlar: “Yeni market açılırsa, əlavə pul, endirim kampaniyası istəyirlər. Hansısa yeni məhsul verirsənsə, yenə əlavə ödəniş etməlisən. Hətta şəbəkələr öz TV reklamlarını bizim hesabımıza maliyyələşdirirlər: tələb qoyurlar ki, filan TV-də reklamımız gedəcək, 1 həftəsini sən maliyyələşdir. Yaxud deyirlər ki, məhsulunu yaxşı satılmasını istəyirsənsə, bir işçinin maaşını ödə, qoy sənin məhsulunun satışı ilə məşğul olsun. Bunların hamısı şəbəkələrin bazardakı inhisarçı mövqeyindən irəli gəlir. Deyə bilərlər ki, belə hallar bütün dünyada olur. Doğrudur, olur, amma çox çəkmir – dövlət öz “gözəgörünməz” əlini işə salır və inhisarçılıq meyllərinin qarşısını alır”.
Assosiasiyanın rəhbəri Mürvət Həsənli isə əlavə edib ki, mağaza şəbəkələri quş əti və yumurta istehsalçılarından aldıqları məhsulların pulunu aylarla yubadırlar.
M. Həsənli deyib ki, quş əti və yumurta istehsalçıları o qədər böyük sahibkar deyillər ki, bir neçə milyon manat vəsaitləri aylarla bir mənbədə qalsın və bu da onların fəaliyyətinə mənfi təsir göstərməsin: “Satışdan pulunu vaxtında ala bilməyən istehsalçı vaxtında və zəruri hədd yem ehtiyatı yarada bilmir, yaxud aldığı yemin pulunu vaxtında ödəyə bilmir. Bu isə müəssisənin inkişafının qarşısını alır, bəzənsə onun kiçilməsinə gətirib çıxarır".
Onun sözlərinə görə, hazırda Ukraynadakı müharibəyə görə yem və yem əlavələrinin idxalında çətinliklər yaranıb, qiymətlər bir həftədə 3 dəfə artım istiqamətində dəyişir: "Biz şəbəkələrdən pulu vaxtında ala bilmirik deyə lazımi qədər yemi də tədarük edə bilmirik. Şəbəkələrlə bağlı digər problem onların satış nöqtələrində saxlama şəraitinin normalara cavab verməməsidir. Bunun üzündən bizim məhsulların geriqayıtma səviyyəsi 8-12 %-ə çatır. Halbuki dünyada 2 %-dən yuxarı olmur”.