FAO fermerlər üçün “Biznesin inkişaf etdirilməsi” mövzusunda təlim keçirib
- 07 mart, 2022
- 12:32
Yeniliklərdən dərhal xəbərdar olun!
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Avropa İttifaqının maliyyə dəstəyi ilə Zaqatala, Qax və Balakən rayonlarından həyata keçirdiyi “Azərbaycanın şimal-qərb bölgəsində dayanıqlı, inklüziv aqro-ərzaq sistemlərinin inkişaf etdirilməsi” layihəsi çərçivəsində fermerlər üçün “Biznesin inkişaf etdirilməsi” mövzusunda təlim keçirib.
Bu barədə "Report"a FAO-dan bildirilib.
Qax rayonunda təşkil edilmiş təlimlərin başlıca məqsədi yerli qida istehsalçılarının biznes strategiyaları və satış kanallarına dair məlumatlandırılması və yerli qida məhsullarının bazara çıxışına dəstək verilməsi olub.
Təlim müddətində istehsalçılar məhsullarının paketlənməsi, kooperativlər, kooperativ biznes, məhsulun sertifikartlaşdırılması, satış kanalları, onlayn satış, marketinq və sair kimi mövzularda yeni modellərlə tanış olub və ekspertlərlə müzakirələr aparıb. Təlimdə FAO-Azərbaycan Tərəfdaşlıq Proqramının Aqrar Məşğulluğun Artırılması Layihəsinin (AMAL) müxtəlif regionlardan aktiv üzvləri olan gənc fermerlər də iştirak edib. Təlimdə nəzəri biliklərlə yanaşı praktik məşğələlərə də xüsusi yer verilməsi iştirakçıların marağına və aktiv iştirakına səbəb olub. 3 Günlük təlim zamanı istehsal qrupları “1 dəqiqəyə satış”, “məhsulun hazırlanma ardıcıllığı”, “xərclərin hesablanması” kimi praktik məşğələlərə cəlb olunub.