FAO: Dünyada ərzaq son 8 ayda kəskin bahalaşıb

ASK
  • 03 mart, 2021
  • 11:30
FAO: Dünyada ərzaq son 8 ayda kəskin bahalaşıb

BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Ərzaq Qiymətləri İndeksinin 2021-ci ilin yanvar ayına olan aylıq hesabatına əsasən, ərzaq məhsullarının beynəlxalq qiymətləri 2020-ci ilin dekabr ayı ilə müqayisədə 14,3 % artıb.

Bu barədə “Report”a FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisindən bildirilib.

Hesabata əsasən, dünya ərzaq qiymətləri son 8 ayda yüksəlməklə bərabər 2014-cü ilin iyul ayından indiyədək ən yüksək aylıq artış səviyyəsinə çatıb: “Bununla yanaşı, dünya miqyasında taxıl ehtiyatlarında isə kəskin azalma müşahidə olunub”.

"Qlobal olaraq 2020/21-ci illərdə taxıl istehlakının əvvəlki mövsümə nisbətən 52 milyon ton artaraq 2 761 milyon ton səviyyəsində olacağı proqnozlaşdırılır. Buğda və düyünün dünya üzrə istehlakının il ərzində müvafiq olaraq 0,7 % 1,8 % artacağı proqnozlaşdırılır. Həmçinin dənli bitkilərin qlobal ehtiyatlarının 2,2 % azalaraq 801 milyon tona enəcəyi gözlənilir, bu isə son beş ildəki ən aşağı göstəricidir", - hesabatda qeyd olunub.