AXA: Bəzi təsərrüfat sahiblərinin yeni informasiyalara çıxışı yoxdur

ASK
  • 02 sentyabr, 2026
  • 16:48
AXA: Bəzi təsərrüfat sahiblərinin yeni informasiyalara çıxışı yoxdur

Bəzi hallarda təsərrüfat sahiblərinin yeni informasiyalara və biliklərə çıxışları təmin edilməyib.

"Report"un Cənub bürosu xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyinin (AXA) sədr müavini Elməddin Namazov Lənkəranda keçirilmiş "Heyvan xəstəlikləri: Erkən diaqnostika və mübarizə yolları" mövzusunda keçirilən təlim proqramında bildirib.

O, bu il kənd təsərrüfatı, balıqçılıq və aqvakultura məhsullarının istehsalı və təşviqi üzrə 2026-2030-cu illər üçün Dövlət Proqramının təsdiqləndiyini vurğulayıb: "Dövlət Proqramından irəli gələn istiqamətlərin inkişafına təkan vermək üçün AXA aqrar təlim mərkəzi regionlarda fermer və sahibkarların bilik və bacarıqlarının artırılması üçün maariflənmə işlərini həyata keçirir. Sahibkarların mövcud çağırışlara uyğun məhsul istehsal etməsi vacib faktorlardan biridir. Müşahidələr göstərir ki, bəzi hallarda təsərrüfat sahiblərinin yeni informasiyalara, biliklərə çıxışları təmin edilməyib. Ümid edirik ki, yerli və Türkiyədən dəvət olunmuş təcrübəli mütəxəssislərin öz biliklərini bu tip təlimlərlə ötürməsi sayəsində regionda fəaliyyət göstərən sahibkarlar, fermerlər öz təsərrüfatlarında müəyyən bir inkişafa nail olacaqlar".

E.Namazov ölkədə, xüsusilə də regionlarda savadlı baytarlıq mütəxəssislərinin azlığına dair fikirlərə də münasibət bildirib: "Təlim mərkəzi olaraq biz bunu əsas hədəf götürmüşük və mütəxəssis hazırlığına ciddi diqqət yetiririk. Ümumiyyətlə, bu sahəyə maraq artmaqdadır. Ümid edirik ki, bu tendensiya daha da güclənəcək. Dövlət Proqramında da bununla bağlı tədbirlər müəyyənləşdirilib. Elmi araşdırmalara əlavə dəstək və bu sahədə inkişafın təmin edilməsi nəzərdə tutulub. Hesab edirik ki, nəzərdə tutulan fəaliyyətlər bu sahəyə mütəxəssis cəlb olunmasına təkan verəcək".