Azərbaycanda aqrar sektorda süni intellektin tətbiqinə dair 21 ssenari hazırlanıb - EKSKLÜZİV
- 17 iyul, 2026
- 15:01
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda aqrar sektorda süni intellektin (AI) tətbiqi üzrə planlaşdırılan 33 istifadə ssenarisindən 21-i hazırlanıb, onlardan 12-si artıq istifadəyə verilib.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
Nazirliyin məlumatına görə, bu planların məqsədi süni intellekt, böyük verilənlər (Big Data) və peyk texnologiyalarından istifadə etməklə qərarverməni təkmilləşdirmək, subsidiya sistemində şəffaflığı artırmaq, məhsuldarlığı yüksəltmək və resurslardan daha səmərəli istifadəni təmin etməkdir.
İlin sonuna qədər daha 11 ssenarinin də istehsal mühitinə keçirilməsi planlaşdırılır.
EKTİS aqrar rəqəmsallaşmanın əsas platformasıdır
Nazirlik xatırladıb ki, "Elektron kənd təsərrüfatı" informasiya sistemi (EKTİS) 2020-ci ilin yanvarından tam fəaliyyət göstərir və kənd təsərrüfatı sahəsində dövlət xidmətlərinin elektronlaşdırılmasını təmin edir.
Sistem "Kənd təsərrüfatı subyektlərinin qeydiyyatı", "subsidiyalar", "heyvandarlıq və süni mayalanma", "ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması" elektron portalı", "baytarlıq xidmətləri monitorinqi", "kənd təsərrüfatı təyinatlı torpaqların istifadəsi", "iş axınının idarə olunması", "məlumatlandırma", "təhlil və hesabat", "toxum", "bitki sortları reyestri informasiya ehtiyatı", "ailə kəndli təsərrüfatı" modulu, "anbar, elevator, istixana" qeydiyyatı modulu, "torpaqların aqrokimyəvi analizi", "torpaqlardan istifadə sistemi" istiqamətləri əhatə edir.
Bu il balıqçılıq altsisteminin də istifadəyə verilməsi nəzərdə tutulur.
Bununla yanaşı, fermerlər 2024-cü ilin sentyabr ayından EKTİS üzərindən torpaq nümunələrinin aqrokimyəvi analizini sifariş edə bilirlər. Bunun üçün bu sistem vasitəsilə fermerlər koordinatları qeyd edirlər və torpaq nümunələrini Dövlət Aqrar İnkişaf Mərkəzlərinə (DAİM) və ya Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinə təqdim edirlər.
Dövlət informasiya sistemləri ilə inteqrasiya genişləndirilib
EKTİS Daxili İşlər Nazirliyinin "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi – Azərbaycan Respublikasının vətəndaşları, əcnəbi şəxslərin vəsiqə məlumatlarını elektron qaydada əldə etmək üçün; Ədliyyə Nazirliyinin Elektron Notariat İnformasiya Sistemi – Müqavilələr reyestri üzrə məlumatları elektron əldə etmək üçün; İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Qeydiyyatı , Kadastrı və İdarəedilməsi Sistemi - Fermerlərin kənd təsərrüfatı təyinatlı torpaqları haqqında məlumat əldə etmək üçün; İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi – dövlət vergi ödəyiciləri haqqında məlumat əldə etmək, elektron qaimə və elektron alış aktları haqqında məlumat əldə etmək üçün informasiya sistemləri ilə inteqrasiya olunub.
Bu, şəxsiyyət, torpaq, notariat və vergi məlumatlarının elektron qaydada əldə edilməsinə imkan yaradır, kağız sənədlərdən istifadəni minimuma endirir.
AI məhsuldarlıq, subsidiya və suvarmada tətbiq olunur
Nazirliyin məlumatına görə, EKTİS platformasında fermerlərin qiymətləndirilməsi, məhsulun identifikasiyası, məhsuldarlıq proqnozu, suvarmanın idarə olunması, iqlim və torpaq xəritələrinin hazırlanması, eləcə də heyvandarlıq üzrə AI alqoritmləri yaradılıb.
Hazırlanmış istifadə ssenariləri dövlət proqramının strateji məqsədləri ilə əlaqələndirilib. Xüsusilə subsidiya siyasətinin optimallaşdırılması, su ehtiyatlarının səmərəli idarə olunması, intensiv bağçılığın inkişafı və kənd təsərrüfatı torpaqlarının konsolidasiyası istiqamətlərində AI həllərinin tətbiqinə başlanılıb.
Bunun nəticəsində ölkə üzrə daha geniş əhatəli analitik məlumat bazası formalaşdırılıb:
| Proqram | Model | Cari status |
| Fermer reyqinqi | İqtisadi reytinq | İstehsalat |
| Ekoloji reytinq | İstehsalat | |
| Davranış reytinqi | İstehsalat | |
| Bitki sağlamlığı | Dərmanlama vaxtının optimallaşdırılması | İstehsalat |
| Xəstəlik və epidemioloji risk modeli | İstehsalat | |
| Bitki sort xəritəsi | Yüksək iqtisadi dəyərə malik bitkilər risk xəritəsi | İstehsalat |
| Yüksək iqtisadi dəyərə malik bitkilər üzrə ixtisaslaşma xəritəsi | İstehsalat | |
| Sənaye bitkilərinin optimallaşdırılması | İstehsalat | |
| Bitki sortu proqnozu | Hazırlanma | |
| Tozlanma riski modeli | Hazırlanma | |
| Torpaq məlumatlarının inteqrasiyası | Hazırlanma | |
| Dövlət dəstəyi xəritəsi | Hazırlanma | |
| Suvarmanın idarə edilməsi | Suya tələbat modeli (Fermer kabineti) | Test |
| Məsafədən zondlama modeli | İstehsalat | |
| Suya tələbat modeli (Nazirlik) | İstehsalat | |
| Pivot suvarma sistemlərinin aşkarlanması | Test | |
| Bitki verifikasiyası | Şumlanmanın müəyyən edilməsi | Test |
| Əkin mövcudluğunun müəyyən edilməsi | Test | |
| Bitki identifikasiyası – I mərhələ (buğda, arpa, yonca və s.) | Hazırlanma | |
| Bitki identifikasiyası – II mərhələ (şəkər çuğunduru, pambıq, qarğıdalı, soya) | Hazırlanma | |
| Bitki identifikasiyası – III mərhələ (meyvə bağları) | Hazırlanma | |
| Fermer sahələrinin bitki xəritəsi | Hazırlanma | |
| İqlim xəritəsi | İqlim xəritəsi | İstehsalat |
| Məhsuldarlıq proqnozu | Bitki məhsuldarlığı modeli | İstehsalat |
| Heyvandarlıq | Otlaq idarəetmə sistemi | Test |
| Heyvandarlıq üzrə ixtisaslaşma xəritəsi | Hazırlanma | |
| Sürü idarəetmə sistemi | Hazırlanma | |
| Torpaq xəritələri | Torpaq xəritəsi | Test |
| Torpağın yararlılıq xəritəsi | Test | |
| Şoranlaşmış torpaqlar xəritəsi | Test | |
| Gübrələmə idarəetmə sistemi | Hazırlanma | |
| Sahələrin konsolidasiyası | Sahə sərhədlərinin müəyyən edilməsi | Hazırlanma |
| Ortofoto xəritə | Milli kənd təsərrüfatı torpaqlarının ortofoto xəritəsi | Hazırlanma |
Layihə çərçivəsində 180 iqlim stansiyası və 19 torpaq rütubəti sensorunun məlumatları sistemə inteqrasiya edilib.
Peyk təsvirləri əsasında AI modeli əkin sahələrində şumlama və faktiki əkin vəziyyətini müəyyənləşdirərək subsidiya üçün verilən məlumatların düzgünlüyünü yoxlayır.
Hazırda 330 mindən çox fermer üzrə reytinq sistemi hazırlanıb. Bu reytinqlərin gələcəkdə subsidiya, kredit və aqrar sığorta qərarlarının daha obyektiv verilməsində istifadə olunacağı gözlənilir.
Bitki verifikasiyası sisteminin tam tətbiqi hesabına ildə təxminən 11,5 milyon manat əlavə iqtisadi dəyər və monitorinq xərclərində qənaət proqnozlaşdırılır.
İlk nəticələr
Nazirliyin məlumatına görə, suvarmanın idarə olunması modulları həm Nazirlik, həm də fermerlər üçün ayrıca interfeyslərdə hazırlanıb.
Bu modullar torpağın su balansını, su tələbatını və su stressini real vaxt rejimində qiymətləndirir. İqlim paneli temperatur, yağıntı, külək və rütubət göstəricilərini vahid platformada təqdim edir. Bu məlumatlar aqrar sığorta hadisələrinin daha operativ qiymətləndirilməsinə dəstək verir. Daxili istifadəçilər üçün xüsusi analitik panellər hazırlanıb. 30-dan çox əməkdaş istifadəyə qoşulmuş və modellərin nəticələri gündəlik qərarvermədə istifadə edilməyə başlanılıb. Beləliklə, 240 mindən çox əkin sahəsində AI vasitəsilə şumlama və məhsul mövcudluğu qiymətləndirilib, 700-dən çox monitorinq sahəsində məhsuldarlıq modelləri sınaqdan keçirilib, 50-dən çox aqropark üzrə məhsul xəritələri hazırlanıb, "Yonca" tətbiqi, Telegram və SMS vasitəsilə 400-dən çox fermerlə əlaqə yaradılıb, onların rəyləri modellərin təkmilləşdirilməsində istifadə olunur.
Nazirlik hesab edir ki, layihənin tam icrası kənd təsərrüfatında rəqəmsal transformasiyanı sürətləndirəcək, məlumatlara əsaslanan qərarverməni gücləndirəcək və fermerlərə göstərilən xidmətlərin keyfiyyətini artıracaq.