Azərbaycanda aqrar maliyyələşmədə "Fermer hekayəsi" modeli tətbiq olunacaq

ASK
  • 08 sentyabr, 2026
  • 13:33
Azərbaycanda aqrar maliyyələşmədə Fermer hekayəsi modeli tətbiq olunacaq

Azərbaycanda aqrar maliyyələşmədə "Fermer hekayəsi" ("Farmer Story") modeli tətbiq olunacaq.

"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müşaviri Surxay Novruzov "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026"nın (BCAW 2026) ikinci günündə bildirib.

Onun sözlərinə görə, bu model vasitəsilə banklarla görüşlərin keçirilməsinə başlanılacaq: "Çünki banklar kənd təsərrüfatı və istehsalat haqqında kifayət qədər məlumatlı deyillər. Biz bu modellə fermerin təsərrüfatını effektiv idarə edib-etmədiyini müəyyənləşdirməyə kömək edirik. Bu ildən etibarən bu model subsidiyaların xüsusi meyarlarla verilməsində ilk dəfə tətbiq olunacaq".

S.Novruzov qeyd edib ki, nümunəvi fermerlər kənd təsərrüfatının müxtəlif sahələrini - meyvə, tərəvəz və illik əkinləri təmsil edirlər: "Onlarla "Telegram" vasitəsilə əlaqə saxlayır, görüşlər keçirir və bu təcrübəni regionlardakı digər fermerlərə də şamil edirik. Bu prosesdə Asiya İnkişaf Bankının (ADB) komandası bizə dəstək göstərib. Bu il oktyabrın ilk həftəsindən başlayaraq isə xüsusilə fermerlərin daha çox istifadə etdiyi "TikTok" və "Instagram" platformalarında aktiv olacağıq. Bu modellərdən necə istifadə olunacağını və onların gündəlik işlərə necə inteqrasiya ediləcəyini göstərən məlumatlar paylaşacağıq. Göstərici parametrləri iqlimə uyğun maliyyələşmə üçün növbəti alətdir".

44 - Tezliklə