Parisdə minlərlə məktəbli və tələbə etiraz aksiyası keçirib
- 27 noyabr, 2026
- 01:35
Yeniliklərdən dərhal xəbərdar olun!
Parisdə yuxarı sinif şagirdləri və tələbələr qəbul prosesinin ləğvi və Fransanın ali təhsil müəssisələrində yerlərin sayının artırılması tələbilə noyabrın 26-da nümayiş keçirib.
"Report" xəbər verir ki, bu barədə "Le Monde" qəzeti məlumat yayıb.
Aksiya yuxarı sinif şagirdləri, tələbə birlikləri və gənclər həmkarlar ittifaqı təşkilatlarının çağırışı ilə Bastiliya meydanında baş tutub.
İştirakçılar aksiyaların tədris prosesi üçün mümkün nəticələri ilə bağlı narahatlıqlara baxmayaraq, tələbləri yerinə yetirilənə qədər etirazları davam etdirmək niyyətində olduqlarını bildiriblər.
"Hökumət nə deyir-desin, orta məktəblərdə və universitetlərdə normal həyata qayıdış olmayacaq", - təşkilatçılar vurğulayıblar.
Fransanın Ali Təhsil Nazirliyinin məlumatına görə, cümə axşamı tədris müəssisələrinin bloklanması və ya rəhbərliyin qərarı ilə bağlanması səbəbindən ölkə universitetlərinin 16 %-nin fəaliyyəti pozulub. Milli Təhsil Nazirliyi bloklanmış məktəblərin sayı barədə məlumat açıqlamayıb.
Etirazçıların əsas tələbləri qəbul prosesinin, "Parcoursup" və "MonMaster" platformalarının ləğv edilməsi, həmçinin universitetlərdə 250 mindən 300 minə qədər əlavə yerin yaradılmasıdır.